Bakı metrosunda dünyaya gəlmiş körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək.

Heftelik.az xəbər verir ki, bunu “Bakı Metropoliteni”nin hərəkət xidmətinin rəisi Anar Zamanov deyib.

Anar Zamanov bildirib ki, yeni doğulmuş körpə Bakı metrosunun bir növ “xüsusi sərnişini” olacaq: “Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək”.

Bu arada TƏBİB-dən bildirilib ki,hamiləliyin patologiyası şöbəsinə qəbul edilən ana, 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.

Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır.

Vaxtından əvvəl, 36 həftəliyində dünyaya gələn körpənin çəkisi 2200 qram, boyu 47 sm, kişi cinslidir.