Gəncədən qalxan Türkiyəyə Silahlı Qüvvələrinə məxsus C130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb.
Heftelik.az-ın xəbərinə görə, Kaxeti bölgəsinin Siqnaxi rayonu ərazisində qəzaya uğrayan təyyarənin göyərtəsində 20 türk hərbçi olub.
Gürcüstan Hava Naviqasiyası Administrasiyasından bildirilib ki, Türkiyəyə məxsus C-130 təyyarəsi Gürcüstan ərazisinə daxil olandan bir neçə dəqiqə sonra radarlardan itib.
Təyyarə həyəcan siqnalı verməyib. Hadisə yerinə axtarış-xilasetmə qrupu göndərilib.
Satt 18.00 radələrində təyyarənin qalıqları aşkarlanıb.
Gürcüstanın daxili işlər naziri Gela Geladze Türkiyəyə məxsus təyyarənin qəzaya uğradığı ərazidədir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Dövlətimizin başçısı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Respublikasının Prezidentinə, həlak olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.
Telefon danışığı zamanı Azərbaycanın və Türkiyənin aidiyyəti dövlət qurumlarının qəza ilə əlaqədar təmasda olduqları qeyd edilib.
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğluna başsağlığı verib.
Azərbaycan Respublikasının fövqəladə hallar naziri gKəmaləddin Heydərov Azərbaycandan Türkiyəyə yola düşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar qardaş ölkənin daxili işlər naziri Əli Yerlikayaya zəng edib. Nazir hərbi qulluqçuların həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, yaxınlarına Allahdan səbr dilədiyini bildirib.
Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələrinin Gürcüstanla sərhəddə tam hazır vəziyyətdə gözlədiyini diqqətə çatdıran nazir K.Heydərov, faciə ilə əlaqədar Gürcüstanın daxili işlər naziri Gela Geladze ilə telefonla danışaraq vəziyyəti müzakirə etdiklərini bildirib.
Qeyd edib ki, gürcü nazir hər hansı ehtiyac yaranacağı halda axtarış-xilasetmə əməliyyatlarına Azərbaycan FHN-in qüvvələrinin dərhal qoşulması üçün müraciət ediləcəyini bildirib.
Türkiyəli nazir Ə.Yerlikaya göstərilən dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edib.
Qeyd edək ki, müvafiq qurumlar arasında təmaslar davam etdirilir.

