Çin Xalq Respublikasının sədri Si Cinpin, ABŞ və İsrailin İrana hücumları və İranın cavab addımları ilə gərginliyin artdığı Yaxın Şərq və Körfəz regionunda “sülh şəraitində birgə yaşamaq” prinsipinə sadiqliyin davamlı təhlükəsizlik arxitekturasının qurulması üçün zəruri olduğunu bildirib.

Heftelik.az xəbər verir ki, Si Cinpin “milli suverenlik” prinsipinə riayət etməyin vacibliyini vurğulayaraq, Yaxın Şərq və Körfəz regionundakı bütün ölkələrin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmət göstərilməsinin, həmçinin bütün ölkələrin vətəndaşlarının, obyektlərinin və qurumlarının təhlükəsizliyinin effektiv şəkildə qorunmasının vacib olduğunu qeyd edib.

“Beynəlxalq hüququn aliliyi” prinsipinə sadiq qalmağın və beynəlxalq hüququn nüfuzunun təmin edilməsinin zəruriliyini vurğulayan Çin Xalq Respublikasının sədri  dünyanın güclünün istədiyini etdiyi “cəngəllik qanunlarına” qayıtmasının qarşısının alınmalı olduğunu deyib.  Eyni zamanda inkişaf və təhlükəsizlik arasında koordinasiyanın təmin edilməsinin vacibliyini qeyd edərək, bütün tərəfləri Yaxın Şərq və Körfəz ölkələrinin inkişafı üçün əlverişli mühitin yaradılması istiqamətində birgə fəaliyyətə çağırıb.