Müğənni Almaxanım Əhmədlinin atası, tanınmış şair Vüqar Əhməd Xalq artisti Siyavuş Kərimini hədələyib.

Heftelik.az Bakupost.az-a istinadən xəbər verir ki, V.Əhməd, Siyavuş Kərimi haqda təhqiramiz ifadələr işlədərək bildirib ki, əgər o, verdiyi açıqlamaya görə üzr istəməzsə, bəzi faktlar açıqlanacaq və bu məsələnin sonu onun həbsinə qədər gedib çıxacaq:

“Tərbiyədən, mədəniyyətdən uzaq Xalq artisti, saxta professor üzr istəməsə, çox faktlar açılacaq və sonu həbslə bitəcək. Həddini aşdı. Xalq bilir kim kimdir. Mesencerdəki biabırçılıq yayılsa, bunun sonudur”.

Məsələ ilə bağlı Bakupost.az  Vüqar Əhmədlə əlaqə saxlayıb. Şair açıqlamasında qeyd olunan rəyi öünün deyil, bacısı oğlunun yazdığını bildirib:

“O rəyi bacım oğlu mənim telefonumdan yazmışdı, mən də danladım, sildim. Bir az ruhi problemi var. Ağzıma gələni dedim ona. Biz Siyavuş Kərimiyə cavab vermək istəmirik. Xalq bizi dəstəkləyir.

Xalq artisti, professor, uzun illər rektor işləmiş adamın, necə deyərlər, görürsünüz də mədəniyyətini… Mən ona nə deyim?

Bacım oğluna dedim, nəyinə lazımdır? İşdən çıxmış vaxtıdır, sonra deyərlər işdən çıxarılıb deyə danışırlar… Vəzifədə olsaydı, hə, cavab verərdim. Həm də mən istəmirəm kimsə həbsdə yatsın. Yazıqdılar, nə ediblər, Allah bağışlasın. Əsas Allahın divanıdır. Nəyimə lazımdır, kimisə tutsunlar, gedib qoca vaxtı 8 il yatsın… mənə lazım deyil. Mən pislik edən adam deyiləm. Günahları var, Allah da var…”.

Xatırladaq ki,  Baku TV-nin “Aktual Gündəm” verilişində qonaq olan müğənni Almaxanım Əhmədli deyib ki, Milli Konservatoriya da mədəniyyət sahəsidir: “Siyavuş Kərimi özü də bir Xalq artisti olmasına baxmayaraq, o gün müsahibəsində bildirib ki, fəxri adlar pulla verilib. Axı sən özün də yerləri pulla satırdın. Respublika muğam müsabiqəsində və beynəlxalq müsabiqədəki qaliblərin yerlərini. Bu, iddia deyil, mənim orada ərizəm var. Məni məcbur etdilər ki, qazandığım 5 mini könüllü fonduna keçirim”.

Siyavuş Kərimi isə bildirib ki, Konservatoriyada heç bir fond olmayıb: “Boş söhbətdir. Şahların dalınca həmişə danışırlar. Mənə zəng etdilər, dedim cəfəngiyyatdır, mən ona niyə reaksiya verməliyəm? Boş söhbətdir, cəhənnəm olsun. Getsin, sübut etsin”.