Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, qurumun Qaradağ rayon idarəsinin hazırlıq şöbəsinin baş zabiti Etibar Əliyev, həmin idarənin səfərbərlik və səfərbərlik hazırlıq şöbəsinin zabiti Şamil Alıyev, Cəbrayıl rayon şöbəsinin səfərbərlik və səfərbərlik hazırlıq şöbəsinin rəis müavini Niyam Mədətsoylu və Saatlı rayon şöbəsinin zabiti Araz Kərimli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məlumata görə, Etibar Əliyev Şamil Alıyev, Niyam Mədətsoylu və Araz Kərimli tutduqları vəzifələrdən müvəqqəti kənarlaşdırılıblar.

Etibar Əliyev və Şamil Alıyevə qarşı Cinayət Məcəlləsinin 311.3.1(Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə) maddələri, Niyam Mədətsoyluya 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) maddə, Araz Kərimliyə isə 311.1-ci (Rüşvət alma) maddə ilə ittiham irəli sürülüb.

Qərara əsasən, hər dörd şəxs üzrə həbs müddətinin başlanğıcı 21 aprel 2026-cı il tarixindən hesablanır.

***

saat 16.02

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir sıra rayon şöbələrində əməliyyatlar keçirib, saxlanılanlar var.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş, Cəbrayıl, Saatlı, Bakının Qaradağ rayon şöbələrində əməliyyatlar keçirilib, vəzifəlilər saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən məlumatı təsdiqləyiblər. Bildirilib ki, hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***

saat 15.33

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı, Cəbrayıl və Qaradağ rayon Şöbələrində əməliyyat keçirilib.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində iki nəfər vəzifəli şəxs saxlanılıb.

Onlar rüşvət almaqda ittiham olunur.

Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin digər rayonlarında əməliyyat keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Bildirilib ki, bu barədə əlavə məlumat veriləcək.