Şair Ramiz Duyğun! Polkovnik Ramiz Məmməd oğlu Məlikov! Mənim üçün bu yazıya heç bir epitet, heç bir titul yazmağa ehtiyac yoxdur. Şükür ki, müstəqilliyimizin bu illərində kifayət qədər yüksək çinli hərbçimiz və çoxlu yazıları çap olunan yazarlarımız var. Şair Ramiz Duyğunu və ya polkovnik Ramiz Məlikovu isə bütün türk dünyası tanıyır.

1972-ci ilin dekabrında Ramiz müəllimin mənim üçün yazdığı iki səhifəlik yaddaş-nəsihətdə hər kəs üçün böyük məktəb xarakterli qeydlər vardı. Beş əsas bənddən ibarət olan bu yazıda Ramiz müəllim mənə – adaşına TƏHSİL, XALQ, VƏTƏN, SEVGİ və XEYİRXAHLIQ haqqında dəyərli fikirlərini mənim gözümün qabağında birbaşa makinaya döyəcləyirdi.

Ramiz müəllimlə mənim tanışlığım isə 55 il əvvələ 1971-ci ilin yayına təsadüf edir. Hərbi xidmətə başladığım şimali-şərqi Bankə qəsəbəsindəki 92128 saylı Moto Atıcı Alayın 1-ci batalyonun 1-ci rotasında xidmətə başlamışdıq. Tibbi qeydiyyatdan keçmək üçün iki mərtəbəli binada yerləşən tibb məntəqəsinə gəlmişdik. Tək-tək siyahı üzrə həkimlərin və digər tibbi personalların oturduğu otağa çağrılırdıq. Ağxalatlı gülərüz tibbi bacılarından başqa iki leytenant həkim və bir kapitanda otaqda idi. Üz-gözündən nur yağan bəstəboy kapitan çox eşitmək istədiyim doğma dilimizdə: “İgid, adını-soyadını de”- dedi. Bir anlığa duruxdum, daha doğrusu çaşdım.Çünki xidmət keçdiyim rotanın komandiri də azərbaycanlı idi, amma bir dəfə də olsun azərbaycanca danışmamışdı. Gülümsər baxışlı kapitanın sualına rəğmən: “Sıravi Ramiz İskəndərov” – deyə cavab verdim.

“Baho biz adaşıq ki, amma sən İskəndərov yox İskəndərlisən” – dedi. Bəli bu söhbət Sovet imperiyyasının ən güclü vaxtında aparılırdı. O vaxtdan – 55 il bundan əvvəl başlayan dostluq bu gün də davam edir. O vaxtdan mən bu böyük İNSANLA, Böyük AZƏRBAYCANLI ilə fəxr etmişəm və qəlbən, əqidə və səmimiyyətlə dostluq edirəm.

Ramiz müəllimin məlum yaddaş – nəsihətdə mənim üçün yazdığı və ardıcıllıqla qeyd etdiyi – TƏHSİL, XALQ, VƏTƏN, SEVGİ və XEYİRXAHLIQ anlayışlarını çox lakonik şəkildə çatdırılmasına indi yaşının bu vaxtında artıq – 73 yaşım var həyatın hər üzünü görmüş biri kimi heyranlıqla oxuyuram. Çünki Ramiz müəllim mütləq ali təhsil almağı önə çəkir, elmin sirlərinə yiyələnməyi, dünyagörüşünü formalaşdırmağı vacib sayırdı.

Vətənə palıd kimi, çinar kimi ən azından qaratikan kimi (və mötərizədə yazır ki, qaratikanında torpağa xeyri var, torpağı erroziyadan qoruya bilir) kök atmaq lazımdır. (“Vətəni sevmək azdır, vətənin olmaq gərək” misrası sonra yazılıb) Xalq anlayışında isə qeyd edir ki, hər kəs mütləq öz tarixini bilməli, milli-mənəvi köklərini öyrənməli və ona layiq övlad olmalıdır (Ulu Öndərimizin məhşur: “Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən Azərbaycanlıyam”). SEVGİ haqqında yazır ki, əsl sevgi o zaman həqiqi olur ki, nə üçün sevdiyini bilməyəsən. Bir alagözlümü, qaymaq dodaqlınımı, əyriburunumu fərqi yoxdur. Amma nurlu bir çöhrənin xəyalı ilə səhəri dirigözlü açmağı bacarmadınsa demək o sevgiyə layiq deyilsən.

Xeyirxahlıq anlayışında yazdığı sözlərlə Ramiz müəllim elə öz obrazını ifadə edirdi və qeyd edirdi ki, bunlara – yəni vətənə, xalqa, eşqinə ümumən bəşərə sevgi olması üçün mütləq ali təhsil almaq lazımdır.

Cəmi 34 yaşında çox müdrikliklə yazdığı bu fikirlərlə Ramiz müəllim mənim dünyaya baxışımı istiqamətləndirirdi.

Ümumiyyətlə mənim düşüncəmdə insanın formalaşmasında, dünyagörüşünün artmasında ailə tərbiyəsindən başqa təhsil müəssisəsinin verdiyi tərbiyə və sonrakı dövrdə ictimai yaxud istehsalatda çalışdığın insanlarla münasibətdən yaranan formalaşma çox vacibdir. Bu baxımdan mənim üçün məktəb illərindən sonrakı dövrdə şair Ramiz Duyğun və akademik Arif Həsənov ən ucada duran insanlardır. Onlar mənim üçün kumir olublar. Ötən əsrin 70-ci illərində biz azadlıq, müstəqillik, imperiya haqqında danışmağı ağlımıza gətirmirdik. Amma məhz o zaman Ramiz müəllim rus şovinizmi haqqında müfəssəl danışırdı, dövlət suverenliyinin nə demək olduğunu bizə başa salırdı. Ramiz müəllim hərbi şəhərcikdəki evində müddətdən artıq hərbi xidmətdə olan və həmişə çox nəvazişlə Əlibəy deyə çağırdığı Əliqulu Əliyevlə qalırdı. Bütün azərbaycanlı əsgərlər üçün bu evin qapısı açıq olardı. Biz – Yusif Şəfiyev, Yusif Rəfiyev,  Vaqif İmanov mən və başqaları bəzən bazar günləri oturub saat 14:00 efirə gedən muğamata qulaq asır və muğamatın guşələrini təhlil edirdik. Ümumiyyətlə Ramiz müəllim də az qala özü yaşda olan bu əsgərlərə bir atalıq qayğısı olurdu. Cəmi altı ay tibbi təhsil almağıma baxmayaraq məni özünün baş həkim olduğu tibb məntəqəsinə baş feldşer vəzifəsinə təyin etdirmişdi. Bu mənim xidmətimin 6-cı ayında olmuşdu. Bu təyinatdan sonra Ramiz müəllim bütün təşkilati işləri mənə tapşırmışdı. Baxmayaraq ki, 2500 nəfərlik Alayın əsas komanda heyəti rus, erməni, yəhudi və ukraynalılardan ibarət idi. İndi uzun illər sonra bu sətirləri yazarkən düşünürəm ki, bu hərəkət Ramiz müəllimin xislətindən irəli gəlirmiş. O hamıda işıq axtarırdı, nə isə müsbət bir işartı tapan kimi o şəxsdən öz qayğısını əsirgəmirdi. Gənclərdən Vaqif İmanov adlı bir əsgər bizimlə qulluq edirdi. Çox tərbiyəli, təvazökar insan olan Vaqif ixtisasca filoloq idi və incə lirik şeirlər yazırdı. Əsgərlikdən sonrakı dövrdə də Ramiz müəllim onu mütləq çap olunmağa yönəldirdi və  mütləq yazmağı davam etdirməyə çağırırdı. Tibb məntəqəsində sürücü olan Yusif Şəfiyevi isə özü ilə Salyanda keçirilən “Kürün töhfəsi” ədəbi yaradıcılıq birliyinə aparırdı və yazdıqlarını çap etdirirdi. Sonralar Yusif Şəfi kimi ədəbi istimaiyyətdə tanınan Yusifin məhşur “Mənə Azadlığın şəklini çək desəydilər, Yüyənsiz çidarsız at şəkli çəkərdim” – kimi misraların müəllifi olmuşdu. Bir neçə kitabı nəşr olunmuşdu. Uzun illər Azərbaycan Qadın Aşıqlar toplumuna rəhbərlik etmiş Narınc Xatunun ilk yazılarının yol göstərəni Ramiz Duyğun olmuşdur. 1973-cü ilin əvvəlində Ramiz müəllim xidmət yerini dəyişdi. Həmin ilin əvvəlində Azərbaycan televiziyasında yayımlanan hərbi vətənpərvərlik verilişində Ramiz müəllim görəndə necə sevindiyimizi təsəvvür etmək bəlkədə çətindir. O, artıq mayor rütbəsində idi. Sonralar “Hünər” verilişi məhz onun aparıcılığı sayəsində çox populyarlıq qazandı. Hamı Ramiz müəllimi tanıyırdı və sevirdi. Ötən əsrin 70-ci və 80-ci illərində demək olar ki, hamı səbirsizliklə “Hünər” verilişinin yayımını gözləyirdi. 2-ci dünya müharibəsi demək olar ki, elə bir ev yox idi ki, ona faciə gətirməsin. Hamı öz əzizinin – nisgilinin sorağında olurdu. Ramiz müəllim hamının qəlbində işıq yandırmağı bacarırdı. Həmin o illərdə yaranmış ümumxalq sevgisi sonacan davam etdi. R.Məlikov təhsil aldığı N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunda uzun illər işlədi və 1986-cı ildə polkovnik rütbəsi aldı. Bizim sevincimizin həddi-hüdudu yox idi. Çünki o zaman  Sovet Silahlı Qüvvələrində Polkovnik rütbəli azərbaycanlı hərbçimiz tək-tük idi. Onun ədəbi mühitdəki uğurları da get-gedə artırdı. Kitabları çap olunurdu, mətbuatda yazıları dərc olunurdu.

Ramiz müəllimin BÖYÜKLÜYÜ, DAHİLİYİ onun sadəliyindədir. Tanıdığım vaxtdan bu günə qədər hamıya “Bəy” deyə müraciət edirdi. Hərbi xidmətdən sonra biz Bakıda təsadüfən görüşdük. Ramiz müəllimə mənim qohumumun yaşadığı binada ev vermişdilər və o vaxtdan bizim dostluğumuz davam edir və bu dostluq ailələrimizə də keçmişdir. İş elə gətirdi ki, mənim elçiliyimə də atamla birgə Ramiz müəllim gedib. Ən faciəli günümüzdə də, ən xoş günümüzdə də Ramiz müəllim evimizin əziz adamı olub.

Ramiz müəllim təbiəti etibarı ilə səxavətli insandır. Bu təkcə maddi deyil, həmdə mənəvi baxımdan belədir. Neçələrinə maddi kömək etməsi öz yerində o, həm də dostlarını bizimlə tanış edib. Bunlar isə Azərbaycanımızın qaymaqları olublar. Xəlil Rza Ulutürk, Qabil, Söhrab Tahir, Sabir Rüstəmxanlı, akademik Sudeyf İmamverdiyev, aktyor Mikayıl Mirzə, şair Zəlimxan Yaqub, Fərman Kərimzadə, Tofiq Bayram. Cərrah Yusif Nuriyev və sairə. Adlarını çəkmədiyim çoxlu sayda digərləri ilə. Ramiz müəllim çox zəhmətkeş insandır. Onun 35-dən çox kitabı çap olunub və şeirlərinin əksəriyyəti seviləndir.

Heç şübhəsiz o, ölkəmizin tanınmış ictimai xadimidir, şair övladıdır, böyük təşkilatçı hərbçisidir (iki hərbi qurumda – Müdafiə Nazirliyində və  Dövlət Sərhəddini Mühafizə Komitəsində mətbuat xidmətinin yaradıcısı olub və uzun illər ona rəhbərlik edib)  və  sairə. Amma mənim düşüncəmdə ilk növbədə Ramiz müəllim bəşəriyyətin həmişə axtarışında olduğu İdeal İNSAN-dır. Mən çox ucada dayanan bu əziz İnsanla, həmişə mənə müəllim olmuş bu böyük Şəxsiyyətlə dostluğumdan qürur duyuram və düşünürəm ki, 1972-ci ilin dekabrında mənə yazdığı yaddaş-nəsihət xarakterli yazısının sonundakı “Yazdıqlarıma əməl etsən biz səninlə sonacan qardaş olacağıq” cümləsinə layiq olmuşam. Bu İNSAN-la onun son nəfəsinə qədər dostluğumuz olub. Ramiz Duyğun kimi insanların dünyasını dəyişməsi fiziki anlamda olur və belələri üçün zaman nisbi anlayışdır. Onun işıqlı xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.

 

Ramiz İskəndərli

Azərbaycan Milli Elmlər Akademiyası        

Respublika Seysmoloji Xidmət Mərkəzinin                                                                                      

Baş direktorunun müavini,                                                                                        

Azərbaycan Respublikasının əməkdar mühəndisi