Aprelin 26-da Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakinləri 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü Həsən Mamedovun öldürülmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Heftelik.az xəbər verir ki, bu barədə Ağcabədi rayon prokurorluğu məlumat yayıb.
İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Əliniyaz Əliyevin şəxsi münasibətlər zəminində bıçaqla xəsarətlər yetirərək Şaiq Mamedov və Həsən Mamedovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Əliniyaz Əliyev iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Qafqazinfo-nun xəbərinə görə, Ağcabədidə qətlə yetirilən 30 yaşlı Şaiq Mamedov Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.
Bildirilib ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.
Nəticədə, kənd sakinləri – 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü əmisi oğlu Həsən Mamedov qətlə yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Əliniyaz Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, tərəflər ötən gün kənddəki toyun ciyəraxşamı məclisində mübahisə ediblər. Həmin mübahisə bu gün davam etdirilib və qanlı hadisə baş verib.
Yaxınlarının verdiyi məlumata görə, 12 ildir evli olan Ş.Mamedovun övladı olmurmuş. O, yaxın günlərdə ata olacaqmış.
Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
