Heftelik.az meyxanaçı Kərim Abinin Lent.az-a müsahibəsini təqdim edir.

– İstərdim birinci “Abi” təxəllüsündən başlayaq. Necə oldu bu təxəllüsü götürdünüz?

– O təxəllüs keçmiş futbol klubu “Xəzər-Lənkəran” tribunasından gəlir. Tribuna manifestində çox şeyi Türkiyədən götürmüşük. O vaxt müraciət forması kimi “abi” deyirdilər. Onda “Facebook”-da adımı “Kərim Abi” qoymuşdum. Sonra meyxana yarışında dedilər, təxəllüsün nə olsun? Birinci düşündüm, Kərim Lənkəranlı qoyum, amma fikirləşdim ki, birdən deyə bilmərəm, yaxşı olmaz.

 

– Bu yaxınlarda bir yarışma oldu və orada növbəti mərhələyə keçə bilmədiniz. Sizcə, nə qədər ədalətli oldu?

– Əgər bir yarışma səsvermə SMS-lədirsə, o həmişə öz prizmasında ədalətlidir. Ədalətsizlik o vaxt olur ki, 5 nəfər ustad meyxanaçı sən yaxşı meyxana dediyin halda aşağı qiymət verir. Amma burada SMS var. Kim kimi sevirsə, ona dəstək olur.

– Amma bir şey var ki, o SMS pulludur, kiminsə pulu varsa, 100-150 nəfərə pul verib özünə səs göndərə bilər. Belə çıxır ki, kimin pulu varsa, o da qalib gəlir. 

– Bu oyunun qaydası odur. Qalibi səs müəyyən edir. Kimin pulu varsa, o da qalib gəlir. Oyunun içində hər şeyi SMS müəyyən edir. Mən əgər razılaşıb bu yarışmaya gəlmişəmsə, onu da qəbul edirəm. Əgər gəlirəmsə, demək, iddia qaldıra bilmərəm ki, rəqibimdən üstünəm. Yarışın qaydalarına əsasən nəticəni pul həll edirdi, mən də milyonçu deyiləm. Özümə də səs göndərmirəm. Bütün duellərdən öncə deyirdim ki, uduzacam, çünki pul göndərmirdim.

– Bəs özünüz bir yarış təşkil etsəniz, qaydaları necə qoyarsız?

– Özüm yarış təşkil etmərəm. Düşünürəm ki, meyxananın 10 il istirahətə ehtiyacı var. Meyxanaçılar azalsın, daha yaxşıları önə çıxsın. Eyni mövzular hər gün təkrarlanır. Meyxana durğunluq dövrü yaşamalıdır. Pandemiya dövründə bu oldu və ondan sonra elə qəşəng meyxanalar deyilirdi ki. Hər toyda, hər gün eyni meyxanalar deyilir. Nə qədər eyni şeyi eşitmək olar? Hə, düz insan harama baxmaz. Bunu nə qədər deyərlər? Bu iş deyil. İstedadsızlar həddən çoxdur. Və sübut edə bilməzsən ki, o, istedadsızdır. Çünki bilmədiyini bilmir.

– Ədəbiyyatda belə bir şey var, yazıçılar öz qələmdaşlarını tənqid edirlər, yazılar yazırlar. Bunlar inkişafa səbəb olur. Eyni proses meyxanada niyə baş vermir. Məsələn, görməmişəm ki, kimsə çıxıb desin ki, filankəs meyxana deyə bilmir, amma populyardır. 

– Onu deyəndə də deyirlər ki, bizi çörəyimizdən edirsən. Ədəbiyyatda çörək yoxdur axı. Bir yazıçı o qədər bekar olmamalıdır ki, bütün günü ona-bunu tənqid etsin. Görəndə ki, bir yazıçı bütün günü boş-boş danışır, onu ədəbiyyata daxil etmirəm. Adam futbol oynaya bilmir ki, gedib Azərbaycan millisini təmsil etsin, deyir, nə var yazıçı olmağa. Bütün günü ona-buna sataş, hamıya söz at. Sən yazıçısan, bir dəfə də bizə kitabınla gəl. Hamının bildiyi məsələni hər gün rəngləyib deyirsən. Filan yerdə yolları düzəltmirlər, ayaqqabım palçığa batır, məmurlar yola baxmırlar. Bunu deyəndə azad söz olur? Yazıçı belə olmur. Yazıçının birinci yazılarını tanımaq lazımdır. Təsəvvür edin, qayıdaq 200 il əvvələ – Dostoyevski belə şeylər edir. Onu bu günə gətirsək, heç Dostoyevskinin Facebook profili olmayacaq. Tənqid məsələsi iki cürdür, biri var sənin inkişaf etməyini istəyirəm, biri də var yox olmağını. Burada yox olmağı istəyənlər daha çoxdur. Musa Yaqubun “meyxana sənət deyil” kimi bir dərdi ola bilərdi? Ya Ramiz Rövşənin?

– “Meyxana sənət deyil” söhbəti haqqında ən çox danışan Kəramət Böyükçöldür. Bu hər dəfə müzakirə edilir, amma kökünə gedilib çıxılmır.

– Məsələnin kökünə ona görə gedilib çıxılmır ki, mövzunu hər iki tərəf bilmir. Kəramət istedadlı oğlandır, intellektual səviyyəsi normaldır. Amma Kəramət meyxana haqqında nə bilir? Heç nə bilmir. Bilmədiyini də bilmir. Kəramət ömründə meyxanaya üst-üstə 3 dəqiqə baxıb. Pis meyxana olan kimi götürüb atırlar ona, o da yazı yazır. Kəramət yaxşı tərəfini bilmir axı. Elə bilirlər ki, mən onlarla düşmənəm. Heç vaxt onlarla düşmənçiliyim olmayıb, sadəcə həmfikir deyilik. Dinləmirlər bizi. Dinləsələr, görərlər ki, onların tənqid etdiyi şeyləri biz çox əvvəldən tənqid etmişik. Meyxanadakı əyər-əksikləri ən çox tənqid edən mənəm. Bizim yazıçılarımız onu elə edirlər ki, meyxanaçılar onlara düşmən olur. Halbuki pambıqla baş kəsmək, kompromisə getmək lazımdır. 30 il bundan əvvəlki qafiyəni gətirib deyir ki, siz busunuz. Deyirəm, o qafiyədə meyxana deyiləndə mən dünyaya gəlməmişdim. Bunu hamıya şamil etmək, bütün meyxananın adına yazmaq olmaz.

– Deyirsiniz ki, o cür meyxana deyənlər var, olub, onu hamıya şamil etmək olmaz. Axı, sizin kimi meyxana deyəni də qeyri-etik, zərərli təbliğatlarla dolu qafiyələr açan meyxanaçılarla ümumiləşdirmək olmur. Siz eləsinizsə, o demək deyil hamı o cürdür. Və ən çox üzdə olanlar həmin meyxanaçılardır.

– Mən tək deyiləm. Baba Qədirli, Pərviz Arif, Ruslan, Cəlil, Fariz Zeynalov, Pünhan Əzim, Rüfət Dahi, Şəhriyar, Abdulla Abbaslı və.s Çox meyxanaçı var ki, ağılı, savadı, dünyagörüşü yerindədir. Məsələn, sən bu adamları götürüb digərlərinin sırasına daxil edə bilməzsən. Bir dəfə bir həkim mənə yaxınlaşıb, dedi, əvvəl meyxanaya nifrət edirdim, səni dinləyəndən sonra qulaq asmağa başlamışam. Meyxanaçıların içində vəhşiləri də var, zəhləm gedir onlardan. Məhz onlar da orada olacaq deyə, neçə toya getmirəm. Çünki getdikcə insan deqradasiyaya uğraya, onlar kimi ola bilər.

– Amma siz onlar qədər tanınmırsınız…

– Mən onlardan çox tanınıram, amma onlar daha çox istənilir. Məni 500 min adam tanıyır və onların 100 mini toyuna çağırır, amma onu tanıyan 300 min nəfər var və onların hamısı onu toyunda görmək istəyir.

– Onun da səbəbi həmin qeyri-etik ifadələr, uyğun olmayan təbliğatlardır. 

– Mən heç o adamların toyuna getmək istəmirəm. Bir-birini alçaltmaqdan, aşağılamaqdan zövq alırlarsa, istəmirəm onu. Mən birini alçaltdığım üçün kimsə məni sevəcəksə, lazım deyil. İnsan gözəl sözdən zövq almalıdır.

– Meyxananın kriminalı, narkomaniyanı təbliğ etməsi mövzusu var. Hüquq-mühafizə orqanları xəbərdarlıq etmişdi bu barədə.

– Artıq elə şeylər yoxdur. Mən bunun tərəfdarıyam. Lazım gəldikdə hüquq buraya müdaxilə etməlidir. Mən onsuz da əvvəldən belə meyxanalar demirdim.

– İş orasındadır ki, bu meyxanaları yetərincə nüfuzu olan, istedadlı meyxanaçılar da deyirdilər. Vüqar Biləcəri ilə bir meyxanaçının dediklərini misal çəkəcəm:

-Türmə kişiyçün yaranıbdır, Vüqar,
Yoxsa beldə makar nəyimə gərəkdir?

-Qeyrət üstə mən gedərəm türməyə
Heç nədən intizar nəyimə gərəkdir?

– Allah Vüqar Biləcəriyə rəhmət eləsin. Bu meyxana məsələsi deyil. Onun minlərlə gözəl bəndi var. Azərbaycanda neçə-neçə bu fikirdə olan adam var. Bu, meyxana məsələsi deyil.

– Buna gənclər, yeniyetmələr qulaq asır. O uşaqlar meyxanadan qidalanırlar axı.

– Haqlısınız. Mən bunu 10 il əvvəl də deyirdim. Bəzən meyxanada deyirlər ki, bir qız götürüm, bir “07”im olsun. O uşaq elə biləcək ki, həyat prinsipləri elə budur. Sizinlə həmfikir olmadığım hissə budur ki, meyxananın özünü o mühit yaradıb. Tutaq, burada bir mətbəx var, bir-birini öldürmək istəyən adamlar gəlsə, oradakı bıçaqla cinayət törədəcəklər, amma aşbazın əlinə keçsə, yemək bişirəcək. Bir meyxanaçı gəlir Lənkərana, deyir, “Xəzər-Lənkəran” bizim fəxrimizdir. Bəlkə də, heç futbola baxmır o. Yaxud da Şəkidə deyirlər ki, Şəki halvasının dadından yoxdur. Bu, alqış almaq üçündür. Dinləyici nə eşitmək istəyirsə, meyxanaçı özü də bilmədən onu deyir. Sən Lənkəranda gəlib Şəki halvasını tərfiləsən, alqışlamayacaqlar. Gəlirlər toya, görürlər, desəm ki, dünyanı dağıdaram, öldürərəm, o adamlara xoş gəlcək. Biz unuduruq ki, meyxana deyəndə onu hamı görəcək. Sosial şəbəkələr var. Onun təbliğ olunmasına həmişə qarşı olmuşam. Həyatda necəyəmsə, elə də meyxana deyirəm. Adam var, namaz qılmır, amma gəlib dindən meyxana deyir. Mən bunu edə bilmərəm. Bəsit məsələlərdə olar. Amma dini manipulyasiya kimi istifadə etmək olmaz.

– Bayağı və aqressiv, zərərli təbliğatlarla dolu meyxanaçılara daha çox qulaq asırlar. Və elə onlar daha çox qazanır, bu dəqiqə “Range Rover” sürürlər. 

– Sizin dediyiniz meyxanaçı Balaəlidir. Mən onun haqqında elə düşünmürəm. Balaəlinin istedadından danışmırıq. Balaəlinin zərər verici meyxana deyib-deməməməsindən danışıram. O  ancaq deyir ki, “Range Rover”im var, sürürəm. Ədəbi istedadı başqadır, zərərli təbliğat başqa. Balaəlidən min dəfə çox zərər verən meyxanaçılar var. Ola bilər ki, Balaəli hansısa mövzunu bilmədən deyər, amma şüurlu şəkildə ziyan verən meyxana demir. Azərbaycanda Balaəli ilə Nəriman Axundzadə eyni mövqedədir. Nəriman Axundzadə üçün bir fikir yaradıblar ki, o futbol oynaya bilmir. Nəriman çox gözəl futbol oynayır. Onun bəxti gətirməyib. Balaəlinin isə yanlış elədiyi şeylər olub, bəli. Amma onu daşlamaq üçün bir hədəfə çeviriblər. O gün bir meyxana deyirdi, çox gözəl idi, bir dənə də zərərli ifadə yox idi orada. Mənim üçün meyxanaçının zərərli ifadə işlətməməsi istedadından önəmlidir. Adam var ki, çox istedadlıdır, amma elə pis sözlər deyir ki, heç vaxt istəmərəm o tərbiyə məndə olsun.

– Gələk sözümüzün Mustafasına. Meyxananın sənət olub-olmaması məsələsi… Meyxana nəyə xidmət etməlidir?

– Ümumiyyətlə, sənət yaxşı şeyə xidmət etməlidir. Faydalı ola bilmirsənsə, ziyan vermə. Ola bilər ki, meyxana insanları maarifləndirmir. Ziyan verməsin, bəsdir. Bəzən dinləyicinin istədiyi hər şeyi deməməliyik. Eybi yox, narazı qalsın, amma evə gedəndə bil ki, zərər vermədin.  Meyxana iki insanın zəkasının mübarizəsidir. Onların zəkası aşağı olanda pis sənət nümunəsi alınır. Elə adam var ki, meyxana onun dilində sənətdir, eləsi var ki, yox.

(Bu vaxt meyxanaçı Abdulla Abbaslı Kərim Abiyə zəmg edir. Sualıma onun da cavab verməsini xahiş edirəm.)

– Meyxana nə qədər sənətdir?

– Meyxana zövqünü satmayana qədər sənətdir.

Yenidən Kərim Abi ilə söhbətimizə qayıdırıq.

– Kimləri oxuyursuz?

– Hazırda vaxtdan dolayı heç kimi oxumuram. Dünya ədəbiyyatından əlimə kitab keçəndə oxuyuram. Şerlok Holms fanatıyam. Bütün cildləri var məndə. Təkrar-təkrar oxuyuram. Onu kitab oxumaq saymıram. Hər dəfə oxuyub zövq alıram.

– Bayaq dediniz ki, yazıçılar sizi dinləmir. Axı, siz də müasir Azərbaycan ədəbiyyatını oxumursuz.

– Bilirsiz niyə? Adətən, kitab oxuyan dostlarımız deyirlər ki, bir yaxşı kitab var, biz də oxuyurduq. İndi demirlər. Əlimə keçir, 1 səhifə oxuyuram, deyirəm, bu nədir? Azərbaycanda yazıçı var ki, bir abzası 200 il əvvəl yazılmış əsərdən bütöv oğurlayıb. Məsələn, heç kim Azərbaycanda Polşa ədəbiyyatını oxumur. Mən gedib oradan bir şeir oğurlayıb özüm yazmışam desəm, hamı oxuyacaq.

Adam yazıçıdır, amma bütün günü kimləsə davada, qırğındadır. Bu səni tanınmış edir, amma yazıçı olduğuna dəlalət etmir. Sən belə tanınıb sabah köynək, ayaqqabı da satsan, satılacaq. Çünki tanınmış adamsan və tanınmışlar arasında ən əlçatanısan. Səninlə şəkil çəkdirmək çox asandır. Sənin kitabın yaxşı yazıçısan deyə yox, tanınırsan deyə alınır.

– Kəramət Böyükçölü nəzərdə tutursunuz.

– Kəramət onlardan biridir.

– Bayaq dediniz, bir həkim sizə demişdi ki, mən meyxananı sevmirdim, amma sizin meyxanalarınızdan sonra dinləyirəm. Əslində, kitab oxumayan nə qədər insan da Kəramətin kitablarını alıb oxuyur. 

– Mən o adamları statuslarımla cəlb etməmişəm axı. Meyxana demişəm.

– Meyxana daha asandır axı. Kəramət Böyükçölün necə yazıçı olduğunu bilmək üçün kitabın alıb oxumalıyam. Amma Kərim Abinin bir neçə meyxanasına qulaq asıb qiymət verə bilərəm. Bu daha az vaxt alır. 

– Mən demirəm Kəramət yazı yaza bilmir. Onun ədəbi istedadına dil uzatmamışam. Sadəcə bizə qarşı olan mövqeyini ədalətsiz hesab edirəm.

– Oxumusuz onun hansısa əsərini?

– Yox. Yəqin, heç oxumayacam da. Bu, onun mənə qarşı mövqeyindən irəli gəlir. O nə vaxt ki, bizə qarşı konstruktiv mövqedə olacaq, bizim kompromisə getmək istədiyimizi başa düşəcək, onda oxuyacam. Kəramətin kitablarının satılmasının səbəbi onun yazıçı olması deyil, tanınmasıdır. Kəramət kofe də satsa, hamı alacaq. Bu gün Azərbaycanda görüşüb şəkil çəkdirmək ən asan olan yazıçı Kəramətdir.