Yeni Klinika, Mərkəzi Neftçilər Xəstəxanası, Abşeron Rayon Mərkəzi Xəstəxanası və Kliniki Tibbi Mərkəzə yeni direktorlar təyin olunub.
Bu barədə Heftelik.az-a TƏBİB-dən məlumat verilib.
Belə ki, tibb üzrə fəlsəfə doktoru, İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının prorektoru Zəhra Şamil qızı Vəzirova Yeni Klinikaya, Əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru Zaur Bəhmən oğlu Xəlilov Mərkəzi Neftçilər Xəstəxanasına, Hacı Məhəmmədoviç Lətifov Abşeron Rayon Mərkəzi Xəstəxanasına və Əməkdar həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Musa Qara oğlu Abbasov Kliniki Tibbi Mərkəzə direktor təyin ediliblər.
Qeyd edək ki, bir müddət əvvəl “Yeni Klinika”nın baş direktoru Barat Yusifov, Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov, Abşeron Mərkəzi rayon Xəstəxanasının direktoru Səkinə Sadıxova vəzifələrindən azad ediliblər.
***
saat 10.36
TƏBİB-in yeni rəhbəri Anar Bayramovun kadr dəyişiklikləri davam edir.
Heftelik.az Bakupost.az-a istinadən xəbər verir ki, direktorları işdən çıxarılan iki iri tibb müəssisəsinə yeni rəhbərlərin təyin olunması ilə bağlı qərar verib.
Məlumata görə, Yeni Klinikaya Zəhra Vəzirova, Abşeron Mərkəzi Xəstəxanasına isə Hacı Lətifov direktor təyin ediləcək. Bununla bağlı rəsmi qərar hələ açıqlanmayıb, lakin yaxın günlərdə elan olunacağı gözlənilir.
Qeyd edək ki, Zəhra Vəzirova hazırda İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında rektor müavini vəzifəsində çalışır. O, eyni zamanda Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədridir.
Abşeron Mərkəzi Xəstəxanasına rəhbər gətiriləcəyi bildirilən ümumi cərrah Hacı Lətifov isə 1991–1997-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb, daha sonra 1 nömrəli Şəhər Klinik Xəstəxanasında internatura keçib.
O, 1998-ci ildən etibarən Kliniki Tibbi Mərkəzdə ümumi cərrah kimi fəaliyyət göstərib, müxtəlif illərdə özəl tibb müəssisələrində çalışıb. Eyni zamanda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda cərrahiyyə üzrə ixtisasartırma kursları keçib.