Bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələrimiz də çox yaxşı vəziyyətdədir.
Heftelik.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatında səsləndirib.
Dövlət başçısı qeyd edib ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır.
Prezident İlham Əliyev deyib ki, Azərbaycan üçün İtaliya bazarı həm neft, həm qaz üçün birinci dərəcəli əhəmiyyət daşıyır: “Keçən il Azərbaycan 25 milyard kubmetr təbii qaz ixrac edib, onun 9,5 milyardı İtaliya bazarına ixrac edilmişdir”.
Bu gün bu həcmin artırılması üçün müzakirələrin aparıldığını bildirən dövlət başçısı qeyd edib: “Bunun üçün təbii ki, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsinin genişləndirilməsi lazımdır. Artıq müəyyən dərəcədə genişləndirilib, amma bu proses davam edir”.
