Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.
Heftelik.az xəbər verir ki, Nurəli Yusifbəyli 1980-ci ildə Kiyev Politexnik Institutunun (hazırda Kiyev Texniki Akademiyasının) Elektroenergetika fakültəsinin əyani şöbəsinə daxil oluN, 1986-cı ildə həmin institutu “Elektrik Sistemlərinin Kibernetikası” ixtisası üzrə bitirib.
1986–1989-cu illərdə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru, elektrik sexinin və elektrik stansiyanın növbə rəisi vəzifələrində, 1989–1993-cü illərdə “Azərenerji” Dövlət Şirkətində Dispetçer, Böyük Dispetçer vəzifələrində çalışıb. 1993–2001-ci illərdə “Azərenerji” ASC Mərkəzi Dispetçer Xidmətinin rəisi, Baş dispetçer, Baş mühəndisin müavini vəzifələrində, 2001–2002-ci illərdə “Azərenerji” ASC “Enerjinin ötürülməsi” İstehsalat Birliyinin Baş Direktorunun müavini vəzifəsində çalışmışdır. 2002–2009-cu illərdə “Azərenerji” ASC Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009–2012-ci illərdə “Azərenerji” ASC “Azərbaycan Elmi–Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu”nun direktoru vəzifələrində çalışmışdır. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın “05.14.02 – Elektrik stansiyaları və elektroenergetika sistemləri” ixtisası üzrə İxtisaslaşdırılmış Dissertasiya Şurasının Sədri olub.
2012-ci ildən İqtisadiyyat və Sənaye Nazirliyinin baş məsləhətçisi, nazirin müşaviri, 2014-cü ildən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Strateji planlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışıb.
2015-ci il 13 mart tarixindən Azərbaycan Respublikası Prezidentinin 11101 nömrəli Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli 1159 nömrəli Sərəncamı ilə vəzifəsindən azad edilib.
Azərbaycan Respublikası təhsil nazirinin K-44 nömrəli əmri ilə 2021-ci ilin 18 yanvar tarixindən Azərbaycan Texniki Universitetinin Tədris işləri üzrə prorektoru təyin olunub.
Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 19 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar mühəndisi”, Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2014-cü il Sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar elm xadimi” fəxri adına layiq görülüb.
