İspaniya HÜRJET-dən sonra indi də KAAN üçün Türkiyə ilə danışıqlar aparır.

Heftelik.az xəbər verir ki, bu barədə El Espanyol məlumat yayıb.

Türkiyə isə texnologiya paylaşımı təklifi ilə bu strateji tərəfdaşlığı uzunmüddətli etməyi hədəfləyir.

Türkiyənin yerli və milli 5-ci nəsil döyüş təyyarəsi KAAN-ın seriyalı istehsalı üçün geri sayım davam edir. İlk sınaq uçuşunu 2024-cü ildə həyata keçirən KAAN-ın ikinci prototipinin bu il səmaya qalxacağı gözlənilir.

KAAN-a maraq isə gündən-günə artır. Ötən il IDEF sərgisində İndoneziya 48 ədəd KAAN alınması üçün müqavilə imzalamışdı. İndi isə Avropa İttifaqına üzv olan İspaniyanın da KAAN-la maraqlandığı iddia olunur.

İspaniya ilə Türkiyə arasındakı müdafiə sənayesi əməkdaşlığı yeni mərhələyə keçir. Xəbərdə bildirilir ki, daha əvvəl Türkiyənin reaktiv təlim və yaxın hava dəstəyi təyyarəsi HÜRJET-dən 30 ədəd sifariş verən İspaniya, hava qüvvələrini yeniləmək məqsədilə diqqətini KAAN-a yönəldib.

Məlumata görə, İspaniya hökuməti Türkiyənin yerli 5-ci nəsil döyüş təyyarəsi KAAN ilə yaxından maraqlanır və bu məsələ ilə bağlı Ankara ilə rəsmi dialoqları davam etdirir. İspaniya hava qüvvələrinin modernləşdirilməsi çərçivəsində KAAN layihəsini ciddi alternativ kimi qiymətləndirir.

Texnologiya transferi

Məqalədə diqqət çəkən əsas məqamlardan biri Türkiyənin İspaniyaya yalnız təyyarə satışı deyil, eyni zamanda texnologiya transferi variantını da təklif etməsidir. Bu isə İspaniyanın öz müdafiə sənayesini inkişaf etdirməsi və təyyarənin bəzi komponentlərinin istehsalında iştirak etməsi deməkdir.

Bu inkişaf yaxın günlərdə İspaniyanın Türkiyənin HÜRJET təlim və yüngül hücum təyyarəsini almaq üçün imzaladığı tarixi razılaşmanın davamı kimi qiymətləndirilir. HÜRJET ilə formalaşan etimad mühiti KAAN kimi daha yüksək seqmentli platformalarda əməkdaşlığın önünü açır.

F-35 əvəzinə KAAN?

Əgər danışıqlar müsbət nəticələnərsə, KAAN NATO və Avropa İttifaqına üzv bir ölkəyə ixrac edilən ilk türk 5-ci nəsil döyüş təyyarəsi olacaq. Bu vəziyyət Türkiyənin müdafiə sənayesində qlobal oyunçuya çevrildiyinin və İspaniyanın müdafiə tədarükündə alternativ strategiyalar izlədiyinin göstəricisi kimi dəyərləndirilir.

Məlum olduğu kimi, son dövrlərdə İspaniya ilə ABŞ arasında münasibətlər gərginləşmişdi. Mətbuatda İspaniyanın ABŞ istehsalı olan F-35 döyüş təyyarələrinin alınmasına daha məsafəli yanaşmağa başladığı qeyd olunur. Ekspertlər isə İspaniyanın F-35 əvəzinə KAAN-a yönələ biləcəyi barədə fikirlər səsləndirirlər.

İspan rəsmilər və müdafiə analitikləri bildirirlər ki, KAAN-ın təqdim etdiyi əməliyyat imkanları, maliyyət üstünlüyü və texnologiya paylaşımı balansı Avropadakı 6-cı nəsil döyüş təyyarəsi layihəsi olan FCAS kimi digər proqramlarla müqayisədə rəqabətqabiliyyətli seçim yaradır. KAAN-ın isə 2028-ci ildə seriyalı istehsala başlaması gözlənilir.