
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Heftelik.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Yanğının söndürülməsi əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Aviasiya dəstəsi və Bakı Regional Mərkəzinin ümumilikdə 182 nəfərdən ibarət şəxsi heyəti, 40 ədəd xüsusi təyinatlı texnikası və 2 helikopteri cəlb olunub.
Hazırkı vaxtadək helikopterlər 60 atış, 150 ton su istifadə edib.
Yanğınsöndürmə işləri davam etdirilir.
***
saat 10.25
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Bakı Logistika”ya məxsus anbarda yanğın başlayıb.
Fövqəladə Halların Nazirliyindən Heftelik.az-a verilən xəbərə görə, əraziyə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğının söndürülməsinə FHN-in helikopteri cəlb olunub.
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda hadisə yerindədir.
Vvətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülür.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğın mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, daha geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
