Ukrayna Latviya ərazisindən Rusiyaya zərbə endirməyə hazırlaşır.
Heftelik.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) məlumat yayıb.
Bildirilib ki, Kiyev Riqanı Rusiyaya qarşı əməliyyata razılıq verməyə inandırıb: “Ukrayna Rusiyaya hücum etmək üçün Baltikyanı dövlətlərin ərazisindən dronlar buraxmağı planlaşdırır. Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) heyəti artıq respublika ərazisindən Rusiyaya hücum etmək üçün Latviyaya göndərilib”.
Rusiya Xarici Kəşfiyyat Xidməti Latviyadakı qərar qəbuletmə mərkəzlərinin koordinatlarının məlum olduğunu və Latviyanın NATO üzvlüyünün onu Rusiyanın qisasından qorumayacağını açıqlayıb: “Əgər PUA-lar Latviyadan buraxılarsa, müasir kəşfiyyat avadanlığı onların buraxılış nöqtəsinin koordinatlarını etibarlı şəkildə müəyyən etməyə imkan verir”.
