15 il əvvəl Rusiyanın Yekaterinburq şəhərini amansız hücumlar silsiləsi bürümüşdü və bundan sonra şəhər sakinləri qorxu içində yaşamağa başlamışdı. Gecə saatlarında naməlum şəxslər küçədə piyadaları izləyir, onların pulunu və bank kartlarını ələ keçirir, daha sonra isə qurbanlarını xüsusi qəddarlıqla qətlə yetirirdilər. Hücumlar zamanı bıçaq, tapança və çəkicdən istifadə olunurdu.

Sonradan istintaq müəyyən etmişdi ki, dəstənin hesabında 16 qurban var. Qruplaşmanın demək olar bütün üzvləri saxlanılsa da, bir nəfər gizlənməyə nail olmuşdu. Semyon Yermolinski federal və beynəlxalq axtarışa verilib, onun haqqında məlumat verən şəxslərə isə 1 milyon rubl mükafat vəd olunub.

İllər sonra məlum olub ki, qatil bütün bu müddət ərzində başqa ad altında yaşayır və fantastik romanlar dərc etdirirmiş.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, dəstənin fəaliyyəti ilə bağlı hadisələr uzun müddət şayiələrlə örtülü qalıb. İstintaq detalları tədricən açıqlayırdı və Yekaterinburq sakinləri qruplaşmada neçə nəfərin olduğunu, neçə qatilin hələ də azadlıqda qaldığını tam anlamırdılar. 2012-ci ildə jurnalist Andrey Qorbunov bu cinayətlər seriyası üzrə şəxsi araşdırmasına başlayıb. İstintaqçılardan biri ona Semyon Yermolinskinin fotosunu verərək qısa şəkildə “Bunu hələ tutmayıblar” deyib. O dövrdə qaçağın adı geniş ictimaiyyət üçün demək olar ki, heç nə ifadə etmirdi.

Bir neçə gün sonra jurnalist Anton adlı kişi ilə görüşüb. Dəstə üzvləri onu qurbanlardan birinin meyitini hissələrə ayırmağa məcbur etmişdilər. Baş verənlərin hamısı videoya çəkilmişdi. Daha sonra həmin görüntüləri yaymaqla hədələyərək onu öldürülən şəxslərin bank kartlarından pul çıxarmağa məcbur ediblər. Antona Yermolinskinin fotosunu göstərəndə, jurnalistin sözlərinə görə, o, qorxudan sanki donub qalıb. Reaksiya o qədər güclü olub ki, Qorbunov illər sonra belə həmin anı araşdırma dövrünün ən ağır məqamlarından biri kimi xatırlayıb.

Daha sonra məlum olub ki, dəstənin digər üzvü Daniil Potaşnikov jurnalistin yaşadığı küçədə, bir neçə ev aralıda qeydiyyatda olub. Qorbunov ünvanı məlumat bazasında yoxlayanda bunun öz küçəsi olduğunu görüb. Bir müddət sonra Potaşnikovun mənzil əldə etmək məqsədilə qayınatasını öldürdüyü üzə çıxıb. Həmin vaxt isə o, artıq orada yaşamırdı.

Qruplaşmanın tərkibi həm istintaqı, həm də Yekaterinburq sakinlərini xüsusilə şoka salıb. Dəstənin başçısı Vasiliy Fedoroviç hüquq təhsili almışdı. Onun atası Yekaterinburqun Jeleznodorojnı rayonu üzrə prokuror müavini vəzifəsində çalışıb, anası Ural Konservatoriyasının professoru olub, babası isə Sverdlovsk Filarmoniyasının simfonik orkestrinin baş dirijoru idi.

Potaşnikov iri dövlət şirkətlərindən birinin top-menecerinin oğlu olub. Axtarışda olan Semyon Yermolinski aviasiya cihazqayırma ixtisası üzrə təhsil alırdı, atası Aleksey Yermolinski isə tanınmış şahmatçı, ABŞ çempionu və Şahmat Olimpiadasının mükafatçısı idi.

Dəstənin üzvləri arasında polis əməkdaşı, mühasib və Sverdlovsk vilayəti qubernatoru administrasiyasının yüksək vəzifəli əməkdaşının oğlu da olub.

İstintaq və jurnalistlər sonradan diqqəti qəribə bir məqama yönəldiblər: dəstə üzvlərinin çoxu öz ətrafında yaradıcı elita obrazı formalaşdırmağa çalışırmış. Onlar hekayələr yazır, bloqlar aparır və zorakılıq səhnələrini bədii əsər kimi təsvir edirdilər. Oxucular bu mətnləri qaranlıq fantastika kimi qəbul edirdilər, ta ki, bir çox epizodun real cinayətləri tam təkrarladığı məlum olana qədər.

Semyon Yermolinski ən fəal müəlliflərdən biri olub. O, yazılarında hücumları, bıçaq zərbələrini və qatillərin hadisə yerindən qaçmasını ətraflı təsvir edirdi. Mətnlərlə yanaşı, qurbanlara qarşı törədilən işgəncələrin fotolarını da paylaşırdı. Sonradan məhz Yermolinski istintaqdan yayınmağa nail olan yeganə dəstə üzvü olur.

Onun axtarış elanları bütün Rusiya üzrə yayılmışdı. Sənədlərdə qeyd olunurdu ki, o, bıçaq döyüşünü bilir, silahla davranma bacarığına malikdir və silahlı ola bilər. Onu İnterpol da axtarırdı.

Sverdlovsk vilayətinin o zamankı cinayət axtarış idarəsinin rəisi Alexander Mazayev bildirirdi ki, dəstə başçısı həbs ediləndən sonra Yermolinski sürətlə ölkəni tərk edib. İnterpolun ilkin məlumatına görə, qaçaq Əlcəzairə gedib. İddiaya əsasən, o, orada təxminən bir il yaşayıb, daha sonra isə izsiz yoxa çıxıb.

2017-ci ildə polis Yermolinskinin yerini müəyyən etməyə kömək edəcək məlumat üçün 1 milyon rubl mükafat elan edib. Jurnalistlər Andrey Qorbunov və Roman Lyalin qaçağın izinə özləri düşməyə çalışıblar. Onlar Sankt-Peterburqda Yermolinskinin qohumları və tanışları ilə danışıb, onun şahmatçı atasının qohumlarının yanına — ABŞ-a qaçması ehtimalını araşdırıb, Siouks Falls şəhərində yaşayan nənəsi ilə əlaqə saxlayıblar.

Sonradan jurnalistlər hətta ömürlük məhkumların saxlanıldığı Mordoviya həbsxanasına gedərək Yermolinskinin əlaltılarından biri olan Roman Kiriyakovla görüşüb və dəstənin geri çəkilmə planının olub-olmadığını öyrənməyə çalışıblar.

Paralel olaraq Yermolinskinin Ukraynaya köçərək millətçi bölmələrdən birinə qoşulduğu barədə şayiələr yayılıb. Lakin sonradan məlum olub ki, qaçaq əslində çox yaxınlıqda, Belarusda gizlənirmiş.

Əlcəzair versiyası yalan çıxıb. Qaçmazdan əvvəl Yermolinski döyüş bıçaqlarının satışı ilə məşğul olurmuş. Dəstə üzvlərinin saxlanılması başlayanda o, guya gözlənilən silah partiyası üçün müştərilərdən pul toplayaraq avanslarla birlikdə yoxa çıxıb. Həmin pullarla qeyri-qanuni şəkildə Minskə keçib, burada Andrey Miller adına saxta sənədlər hazırlayıb və şəhərin kənarında mənzil kirayələyib.

Yeni yaşayış yerində o, demək olar ki, ictimaiyyət qarşısına çıxmırmış. Sosial şəbəkələrdə “Miller” tarix, qılıncoynatma, ədəbiyyat, “Game of Thrones” serialı və Hunter S. Thompsonın yaradıcılığı haqqında müzakirələr aparırdı. Lakin heç yerdə şəkil paylaşmırdı. Yeni tanışlarına Baltikyanı ölkələrdə yaşadığını, kompüter oyunlarının hazırlanması ilə məşğul olduğunu və orta əsrlər tarixinə maraq göstərdiyini deyirdi.

Vaxt keçdikcə Yermolinski yazıçı karyerası qurmağa başlayıb. O, “DARKER” jurnalı ilə əməkdaşlıq edib, qaranlıq fentezi janrında hekayə və povestlər dərc etdirib, müxtəlif müsabiqə və ədəbi layihələrdə iştirak edib.

Nəşrin sonradan yaydığı məlumata görə, “Andrey Miller”in yaradıcılıq fəaliyyəti 2016-cı ildə “Oktyabrın qərbində” adlı müsabiqə ilə başlayıb və onun hekayəsi ikinci yeri tutub. Daha sonra müəllif müxtəlif toplu və jurnallarda fəal şəkildə çap olunmağa başlayıb. Bir neçə il ərzində onlarla əsər dərc etdirib, antologiyaların hazırlanmasında iştirak edib və “Dəhşətli əsr” ilə “Qırmızı kraliça” romanları üzərində işləməyə başlayıb. Lakin həmin əsərlər yarımçıq qalıb.

“Andrey Miller” haqqında yazılarda ədəbi tənqidçilər onun yaradıcılığında Stefen Kinq, H. P. Lovecraft, Filip K. Dick və Ernest Heminqueyin təsirini qeyd edirdilər. Lakin oxuculardan heç biri bilmirdi ki, bu təxəllüs altında Rusiya hüquq-mühafizə orqanlarının illərlə silsilə qətllərə görə axtardığı şəxs gizlənir.

Bu hekayənin sonu koronavirus pandemiyasından sonra gəlib çatıb. Semyon Yermolinski COVID-19-a yoluxub, lakin həkimlərə müraciət etməyə qorxub. Anası Valentina Yermolinskayanın sözlərinə görə, o, şəxsiyyətinin üzə çıxacağından ehtiyat edərək evdə müalicə olunmağa qərar verib. Bir müddət sonra kişi əlaqəni tam kəsib.

Əvvəlcə onun oxucuları və izləyiciləri narahat olublar, daha sonra isə kirayə haqqı gəlmədiyi üçün ev sahibi şübhələnib. Qadın kirayəçinin vəziyyətini yoxlamaq üçün mənzilə gələndə meyiti aşkar edib və milisə xəbər verib.

Mənzildə aparılan axtarış zamanı məlum olub ki, Yermolinski həm “Andrey Miller” adına saxta sənədləri, həm də öz həqiqi pasportunu saxlayırmış. Məhz bu fakt onun şəxsiyyətinin müəyyən edilməsinə imkan verib. Sonradan Rusiya hüquq-mühafizə orqanları genetik ekspertiza keçiriblər. Qaçağın anası DNT nümunələri təqdim edib və araşdırma ölən şəxsin həqiqətən Semyon Yermolinski olduğunu təsdiqləyib.

Valentina Yermolinskaya jurnalistlərlə söhbətində bildirib ki, oğlu son illər tək yaşayır və fantastik əsərlər yazmaqla məşğul olurdu. Onun sözlərinə görə, ölümün səbəbi koronavirusun ağır fəsadları olub. Ana iddia edib ki, patoloq-anatom ağciyərlərin ciddi zədələndiyini müəyyən edib, rəsmi ölüm səbəbi kimi isə ürək çatışmazlığı göstərilib.

Yermolinskinin anası həmçinin etiraf edib ki, bütün bu illər ərzində oğlu ilə demək olar əlaqə saxlamayıblar. Onun sözlərinə görə, ailə üzvləri hətta ad günü təbriklərindən belə çəkinirmişlər, çünki qohumların ətrafında daim əməliyyatçılar olur və qaçağın izinə düşməyə çalışırdılar.

Yermolinskinin ölümündən sonra onun yaradıcılığının pərəstişkarları Sankt-Peterburqdakı qəbiristanlıqda ona abidə qoymaq üçün pul toplayıblar.

Bununla belə, peşmanlıq məsələsi açıq olaraq qalıb. Valentina Yermolinskayanın sözlərinə görə, oğlu baş verənlərə görə peşman olduğunu deyir və əvvəlki əməllərini bir daha təkrarlamayacağını bildirirmiş. Lakin hadisəni araşdıran jurnalistlər qeyd edirlər ki, Yermolinski bütün bu illər ərzində könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olmayıb.

Yazıçının tanışlarından biri xatırlayıb ki, “Miller” bir dəfə ona belə deyib: “Həyatda çox səhvlər etmişəm. Sonra anladım ki, öz nümunəmlə başqalarına bu səhvlərdən qaçmağa kömək edə bilərəm”.

Bununla belə, qaçağın Belarusda yaşadığı illər ərzində nə ilə məşğul olduğu və həyatının yalnız ədəbiyyat və uzaqdan işlə məhdudlaşıb-məhdudlaşmadığı naməlum olaraq qalır.

Araşdırma müəllifləri Belarus hüquq-mühafizə orqanlarına sorğu göndərərək Yermolinskinin respublikada yaşadığı dövrdə fəaliyyətinin nə dərəcədə yoxlanıldığını öyrənməyə çalışıblar.

Fantast yazıçı Sergey Lukyanenko isə Yermolinski-Millerin əsərləri barədə danışarkən bu mətnləri istedadlı hesab etmədiyini bildirib. Onun fikrincə, həmin əsərlərdə qəddarlıq, zorakılıq və ölüm mövzularının həddindən artıq detallı təsviri psixopatik meyilləri olan insanlara xasdır.