İstanbulda aparılan çirkli pulların yuyulması və saxta ixrac istintaqı çərçivəsində diqqətçəkən bir fakt ortaya çıxıb.

Heftelik.az Qafqazinfo-ya istinadən  xəbər verir ki, Bakırköy bölgəsində yerləşən bir villanın zirzəmisindən təxminən 350 kiloqram qızıl müsadirə edilib.

Məlumata əsasən, sözügedən qızılın dəyərinin təxminən 2 milyard 330 milyon TL olduğu bildirilir. Hadisə İstanbul Qızıl Emalı A.Ş. (İAR) ilə bağlı aparılan istintaq çərçivəsində sənədlərdə yer alıb.

İstintaq materiallarında qeyd olunur ki, şirkətlə əlaqəli olduğu iddia edilən şəxslər barəsində 6 oktyabr 2025-ci ildən sonra geniş əməliyyat həyata keçirilib və ümumilikdə 20 nəfər həbs olunub. Proses çərçivəsində şirkət anbarlarından çıxarılan böyük miqdarda qızılın gizli şəkildə daşındığı bildirilir.

Məlumata görə, 350 kiloqram qızılın Bakırköy və Florya ərazisində yerləşən bir villada saxlanıldığı müəyyən edilib. Qızılın daşınmasında şirkətdə çalışan sürücülərin iştirak etdiyi də istintaq sənədlərində yer alır.

Şübhəlilər isə ittihamları rədd edərək qızılın ailə mirası və ya etibarnamə ilə saxlanılan əmlak olduğunu bildiriblər. Lakin prokurorluq bu izahların şübhələri aradan qaldırmadığını qeyd edir.

İstintaqda həmçinin saxta ixrac əməliyyatları və “qabıq şirkətlər” vasitəsilə həyata keçirildiyi iddia olunan maliyyə dövriyyələri də araşdırılır. Rəsmi sənədlərə görə, yüz milyonlarla dollar dəyərində saxta ixrac göstərildiyi və dövlət təşviqlərinin qanunsuz əldə edildiyi bildirilir.

Hazırda istintaq davam edir və iş üzrə yeni həbslər istisna olunmur.