İran İslam Respublikası ilə danışıqlar yaxşı gedir. Bu ya hamı üçün böyük razılaşma olacaq, ya da ümumiyyətlə heç bir razılaşma olmayacaq, əks halda yenidən döyüş meydanına və atışmalara qayıdılacaq, özü də əvvəlkindən daha böyük və daha güclü şəkildə və bunu heç kim istəmir!

Heftelik.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

ABŞ lideri müsəlman ölkələrini İsraillə “İbrahim razılaşmaları”nı imzalamağa çağırıb.

O, razılaşmaya qoşulan BƏƏ və Bəhreynlə bərabər söhbətin Səudiyyə Ərəbistanı, Qətər, Pakistan, Türkiyə, Misir və İordaniyadan getdiyini bildirib:

“Bəlkə bir və ya iki ölkənin buna qoşulmamaq üçün səbəbi ola bilər və bu qəbul ediləcək. Amma əksəriyyəti İranla əldə olunacaq bu razılaşmanı daha da tarixi hadisəyə çevirməyə hazır, istəkli və qadir olmalıdır”.

Tramp qeyd edib ki, bu proses Səudiyyə Ərəbistanı və Qətərin dərhal imzası ilə başlamalıdır və digər ölkələr də onların ardınca gəlməlidir: “Yuxarıda adıçəkilən bir çox ölkənin böyük lideri ilə danışarkən onlar bildirdilər ki, sənədimiz imzalandıqdan sonra İran İslam Respublikasının da “İbrahim razılaşmaları”na qoşulmasını böyük məmnuniyyətlə qarşılayarlar. Bu isə həqiqətən xüsusi hadisə olardı! Bu, daim münaqişə içində olan bu böyük ölkələrin imzalayacağı ən vacib razılaşma olacaq. Nə keçmişdə, nə də gələcəkdə heç nə bunu üstələyə bilməyəcək. Buna görə də mən bütün ölkələrdən dərhal “İbrahim razılaşmaları”nı imzalamağı tələb edirəm və əgər İran ABŞ Prezidenti kimi mənimlə razılaşma imzalasa, onların da bu misilsiz dünya koalisiyasının bir hissəsi olması böyük şərəf olar. Beləliklə, Yaxın Şərq bəlkə də dünyanın heç bir yerində olmadığı qədər vahid, güclü və iqtisadi baxımdan qüdrətli bölgəyə çevriləcək. Bu paylaşım vasitəsilə nümayəndələrimə artıq tarixi xarakter daşıyan “İbrahim razılaşmaları”na bu ölkələrin qoşulması prosesinə başlamağı və onu uğurla başa çatdırmağı tapşırıram”.