“Qurdlar vadisi” mənim üçün də çox əhəmiyyətli layihələrdən oldu. Serialın ilk 55 bölümündə rol almışam və hesab edirəm ki, həmin dövr layihənin ən yaddaqalan mərhələlərindən biri idi. Serial dövlət-mafıya münasibətlərinə fərqli prizmadan yanaşaraq Türkiyədə müəyyən hadisələri tamaşaçıya çatdırmağı bacardı.
Heftelik.az xəbər verir ki, bunu türkiyəli məşhur aktyor Səlcuq Yöntəm Teleqraf-a müsahibəsində deyib.
“Bu mövzu əvvəllər televiziya ekranlarında bu şəkildə işlənmədiyi üçün serial qısa müddətdə böyük maraq və rəğbət qazandı. Layihənin uğurunda güclü aktyor heyətinin də mühüm rolu vardı. Dövlət teatrlarının tanınmış sənətkarlarının bir araya gətirilməsi və belə bir ekran əsərinin ərsəyə gəlməsi həqiqətən böyük nailiyyət idi.
“Qurdlar vadisi” yalnız uğurlu bir serial olmaqla kifayətlənmədi, eyni zamanda tamaşaçıların yaddaşında iz qoyan çoxsaylı obrazlar və sənətkarlar yetişdirdi. Mənim üçün isə serialın ilk 55 bölümü həm peşəkar fəaliyyətimdə, həm də şəxsi xatirələrimdə xüsusi yer tutur və hər zaman unudulmaz olaraq qalacaq”, – aktyor bildirib.
