Valideynlərin seçimi niyə nəzərə alınmır?
Beyləqan şəhəri Ramiz Abbasov adına 4 nömrəli tam orta məktəbdə 2026–2027-ci tədris ili üçün rus bölməsi üzrə birinci sinfin açılmaması ilə bağlı yaranmış vəziyyət həm valideynlər, həm də təhsil ictimaiyyəti arasında ciddi narahatlıq doğurub. Məsələ təkcə bir sinfin açılıb-açılmaması ilə məhdudlaşmır. Burada valideynlərin təhsil dili seçimi hüququ, uşaqların təhsildə davamlılığı, müəllimin əmək hüquqları və dövlət təhsil siyasətinin şəffaflığı kimi mühüm məsələlər gündəmə gəlir.
Mövzunun aktuallığını artıran əsas məqam isə odur ki, 100 min əhalisi olan rayon mərkəzində – Beyləqan şəhərində rus bölməsi artıq yalnız 4 nömrəli məktəbdə fəaliyyət göstərir. Digər məktəblərdə mövcud olmuş rus bölmələri illər əvvəl bağlanıb. Belə olan halda, bu bölmənin də faktiki olaraq fəaliyyətinin dayandırılması şəhərdə rus dilində təhsil almaq istəyən ailələr üçün alternativlərin tamamilə aradan qalxması deməkdir.
Hadisələrin inkişafı
Valideynlərin və məktəb kollektivinə yaxın mənbələrin verdiyi məlumata görə, məktəbin direktoru Taleh Quliyev gələn tədris ilində birinci sinif götürməli olan rus bölməsi müəllimi Sevinc Vəlişovanı yanına çağıraraq ona bildirib ki, məktəbdə rus bölməsi üzrə yeni birinci sinif açılmayacaq və bu səbəbdən başqa iş axtarması məqsədəuyğun olar.
Bu iddialar fonunda məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsinə sorğu ünvanlaadıq. İdarənin cavabında bildirilib ki, 2026–2027-ci tədris ili üçün aparılan qəbul nəticələrinin təhlili göstərib ki, rus bölməsi üzrə I sinif komplektinin formalaşdırılması üçün edilən müraciətlər normativ tələblərdə nəzərdə tutulan şagird sayına uyğun gəlmir. Buna görə də həmin bölmə üzrə birinci sinfin açılması nəzərdə tutulmur və müraciət etmiş uşaqlar Azərbaycan bölməsinə yönləndiriləcək.
Valideynlərin etirazı nəyə əsaslanır?
Valideynlərin redaksiyaya ünvanladıqları müraciətdə bildirilir ki, onların övladları məktəbəhazırlıq mərhələsini keçib, qəbul prosedurlarında iştirak edib, müsahibələrdən uğurla keçərək rus bölməsində təhsil almaq hüququ qazanıblar. Eyni zamanda hələ rus bölməsinə uşaq qəbulu davam edir, qəbul hələ bitməyib. Yəni rus bölməsinə yeni müraciətlərin olmadı gözlənilir.
Valideynlər hesab edirlər ki, uşaqlar bir il ərzində həm psixoloji, həm də akademik baxımdan məhz rus bölməsinə uyğunlaşdırılıb. İndi isə onların Azərbaycan bölməsinə keçirilməsi həm uşaqların inkişafına, həm də valideynlərin seçim hüququna zərbə vurur.
Müraciətdə xüsusi vurğulanan məqamlardan biri də odur ki, uşaqlar məktəbəhazırlıq dövründə müəllim Sevinc Vəlişovaya öyrəşiblər və onunla təhsillərini davam etdirmək istəyirlər. Pedaqoqla qurulan etibar münasibətinin pozulmasının uşaqların məktəbə adaptasiyasına mənfi təsir göstərə biləcəyi qeyd olunur.
Ən böyük ziddiyyət: ötən il 16 şagird kifayət edirdisə, bu il niyə etmir?
Müzakirələrin mərkəzində duran əsas sual budur.
Valideynlərin bildirdiyinə görə, ötən tədris ilində də rus bölməsinin birinci sinfində təxminən 16 şagird təhsil alıb. Hətta hazırda birinci sinfə qəbul üçün 14 uşağın qeydiyyatdan keçdiyi, əlavə olaraq daha iki uşağın qəbulunun gözlənildiyi iddia olunur.
Əgər ötən il 16 nəfərlə sinif formalaşdırmaq mümkün olmuşdusa, eyni sayın və ya daha çox şagirdin olduğu şəraitdə bu il sinfin açılmaması suallar yaradır. Nə məktəb direktoru, nə də Regional Təsil İdarəsi hər hansı bir hüquqi-normativ akt göstərmir ki, filan akta görə 14 və ya 16 uşaq üçün birinci sinif qrupu açılması qadağandı. Yalnız Beynəlxalq rayon Təhsil Şöbəsindən bildirilib ki, nörmativ tələb 20 şagirddir – hansı sənədə əsasən(?), cavab yoxdur.
Əgər normativ tələb minimum 20 şagirddirsə, onda ötən il həmin norma necə tətbiq olunub? Ötən ildən bəri təhsil normativləri dəyişibmi?
Əgər ötən il istisna tətbiq olunubsa, bu il eyni yanaşmadan niyə istifadə edilmir?
Əgər mövcud qanunvericilik daha az sayla sinif komplektinin yaradılmasına imkan verirsə, həmin imkan niyə nəzərə alınmır?
Bu suallar hələlik cavabsız qalır.
Dövlət vəsaiti və planlaşdırma məsələsi
Valideynlərin diqqət çəkdiyi digər mühüm məqam dövlət vəsaitlərinin səmərəli istifadəsi ilə bağlıdır.
Onların fikrincə, əgər məktəbin və ya regional idarənin mövqeyi əvvəldən rus bölməsinin açılmaması idisə, bu barədə valideynlərə və müəllimlərə tədris ilinin əvvəlində məlumat verilməli idi.
Belə olan halda:
– Uşaqlar məktəbəhazırlıq mərhələsinə yönləndirilməzdi;
– Valideynlər əlavə vaxt və maliyyə xərclərinə düşməzdilər;
– Müəllim də gələcəyi ilə bağlı planlarını əvvəlcədən qura bilərdi;
– Dövlət büdcəsindən ayrılmış vəsaitlər daha məqsədyönlü istifadə edilərdi.
Valideynlər hesab edirlər ki, bir il ərzində uşaqları hazırlayıb, daha sonra həmin istiqamətin bağlanmasını elan etmək idarəetmə baxımından ciddi suallar doğurur.
Təhsil dili seçimi hüququ
Azərbaycan Respublikası Konstitusiyası və təhsil qanunvericiliyi valideynlərə övladlarının təhsil dili ilə bağlı seçim etmək hüququ verir.
Bu hüquq dövlətin təhsil sistemində müxtəlif dil bölmələrinin fəaliyyət göstərməsinin əsas səbəblərindən biridir.
Valideynlər bildirirlər ki, onlar şüurlu şəkildə rus bölməsini seçiblər və bu seçimə hörmətlə yanaşılmalıdır.
Əlbəttə, dövlətin sinif komplektlərinin formalaşdırılması ilə bağlı normativləri mövcuddur. Lakin valideynlərin əsas etirazı məhz normativlərin tətbiqində vahid yanaşmanın müşahidə olunmamasıdır.
Onlar hesab edirlər ki, əgər kifayət qədər müraciət varsa və ötən illərdə analoji saylarla siniflər açılıbsa, bu halda rus bölməsinin bağlanmasının izaha ehtiyac var.
Sevinc Vəlişovanın vəziyyəti
Məsələnin digər tərəfi müəllim Sevinc Vəlişovanın əmək hüquqları ilə bağlıdır.
Regional Təhsil İdarəsi açıqlamasında müəllimin dərs saatları ilə təmin olunması istiqamətində tədbirlərin görüləcəyini bildirsə də, valideynlər və məktəb ictimaiyyətinin bir hissəsi hesab edir ki, problem təkcə dərs yükü məsələsi deyil.
Söhbət illərlə formalaşmış müəllim-şagird münasibətlərindən, valideyn etimadından və təhsil prosesinin davamlılığından gedir.
Valideynlərin müraciətində Sevinc müəllimənin peşəkarlığından və uşaqlar arasında qazandığı nüfuzdan xüsusi bəhs olunur. Onların fikrincə, yeni sinfin açılmaması yalnız şagirdləri deyil, müəllimin peşə fəaliyyətini də birbaşa təsirləndirir.
Bu qərar inzibati, yoxsa siyasi xarakter daşıyır?
Müzakirələr zamanı ən çox səslənən suallardan biri də budur.
Əgər söhbət sırf normativ tələblərdən gedirsə, həmin normativlərin hansı maddəyə əsaslandığı ictimaiyyətə aydın şəkildə izah edilməlidir.
Əgər qərar təhsil siyasətində rus bölmələrinin mərhələli şəkildə azaldılması strategiyasının tərkib hissəsidirsə, bu da açıq şəkildə bəyan olunmalıdır.
Çünki valideynlər hesab edirlər ki, dövlət siyasəti dəyişibsə, cəmiyyət bunu bilməlidir. Əks halda, qəbul prosesləri aparılır, uşaqlar hazırlanır, valideynlər seçim edir, daha sonra isə həmin seçimin reallaşdırılmasına imkan verilmir. Bu isə təbii olaraq narazılıq yaradır.
Nəticə etibarı ilə Beyləqan şəhər 4 nömrəli məktəbdə rus bölməsi üzrə birinci sinfin açılmaması məsələsi sadəcə lokal məktəb problemi deyil. Bu hadisə Azərbaycan təhsil sistemində valideyn seçiminin, təhsil dili hüququnun, idarəetmə şəffaflığının və normativlərin tətbiqində ardıcıllığın necə təmin edilməsi barədə daha geniş müzakirələrə yol açır.
Əgər həqiqətən normativ tələblər sinfin açılmasına imkan vermirsə, ictimaiyyətə bunun hüquqi əsası dəqiq və şəffaf şəkildə təqdim edilməlidir.
Əgər 14–16 nəfərlik kontingentlə siniflərin fəaliyyət göstərməsi mümkündürsə, Beyləqandakı valideynlərin müraciətinin niyə təmin edilmədiyi izah olunmalıdır.
Valideynlər, uşaqlar və müəllim Sevinc Vəlişova üçün əsas məsələ bir sinfin açılması deyil. Onlar verdikləri əməyin, etdikləri seçimin və qanunla tanınan hüquqlarının nəzərə alınmasını istəyirlər.
Bir məsələni də Təhsil Nazirliyinin nəzərinə çatdıraq ki, 20 şagirdlə birinci sinif qrupu açmaq norması 30-40 il bundan əvvəl – ölkədə il ərzində 160-170 min uşaq doğulanda tətbiq edilə bilərdi. Bu il Azərbaycanda 90 min uşaq doğulacağı gözlənilir. Elə isə siz hansı kriteriyalarla, hansı normativlərlə işləyirsiniz, cənablar?!
Məhz buna görə də Beyləqandakı rus bölməsi ətrafında yaranmış vəziyyət hələ uzun müddət cavab gözləyən suallar sırasında qalacaq.
Akif NƏSİRLİ
