Aparıcı Azər Axşamın televiziyalarla bağlı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. O, saytlardan birinə müsahibəsində son aylarda bir sıra verilişlərin bağlanmasına münasibət bildirərək aparıcıları tənqid edib. Azər Axşam qeyd edib ki, efirə çıxan aparıcılar ciddi seçimdən keçməli, onların həyat tərzi və dünyagörüşü araşdırılmalıdır.“Uşağı balacalıqdan nəyə öyrəşdirsən, onu götürəcək. Tamaşaçı da bir uşaqdır, oturur və baxır. Deyir ki, pis olsa, efirə dəvət etməzlər. Efirdə qonağı təhqir etmək tərbiyəsizlikdir. O gün verilişə baxıram, xanım müğənni çağırıblar. Aparıcı deyir ki, “bir-bir xanım müğənnilərin adlarını çəkəcəyəm, onlardan hansı sizdən gözəldirsə, deyin”. Bu, artıq intriqadır. İndi o xanım nə etsin?”.
Heftelik.az Bakupost.az-a istinadən xəbər verir ki, aparıcı İsa Şükürov Azər Axşamın bu fikirlərinə cavab verib.
O, sosial şəbəkədə paylaşdığı videoda Azər Axşamın əvvəlki verilişlərindən fraqmentlər təqdim edərək onu tənqid edib. İ.Şükürov bildirib ki, bu gün tənqid edilən efir mühiti məhz həmin dövrdə formalaşıb:
“Bu, Azər Axşama cavab videosudur. Azər bəy, bu hərəkətləri efirdə edən də sizsiniz. Aparıcıların suallarına irad bildirirsiniz, amma gəlin baxaq, siz özünüz nə suallar vermisiniz?
Vallah, hansı kadrınızı göstərim, bilmirəm. Tamaşaçını da qınayırsız. Bəli, bugünkü tamaşaçını şit gülüşə, bayağı söhbətə, yersiz müzakirələrə alışdıran elə bu cür kadrlardır. Onları bu bayağılığa alışdıran elə yəqin ki, sizin verilişləriniz olub.
Mənim təqdim etdiyim kadrlar sizin cəmi 3-4 verilişinizdən götürülüb. Bu isə illərlə davam edən verilişlərinizin çox kiçik bir hissəsidir. Siz isə çıxıb başqa aparıcıları tənqid edirsiniz. Ad çəkmədən mənim verilişimdəki hansısa rubrikanı hədəfə alırsınız.
Kim kimi tənqid etməlidir? Siz televiziya rəhbərlərinə də fikir bildirirsiniz. Sizcə, televiziya rəhbərlərindən daha savadlısınız? Onlar anlayırlar ki, bu, veriliş daxilində qısa yumoristik videodur. Siz isə bunu dərk etməmisiz”.
