ABŞ və İran yenə qarşılıqlı zərbələr endirib.

Heftelik.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ Silahlı Qüvvələri bu gün Şərq vaxtı ilə saat 17:15-də Baş Komandanın göstərişi ilə İrandakı bir neçə hədəfə qarşı əlavə özünümüdafiə zərbələri endirməyə başladığı barədə məlumat yayıb.

Bir neçə saat sonra CENTCOM növbəti məlumat yayıb. Qeyd edilib ki, ABŞ Ordusu Prezident Donald Trampın göstərişi ilə İrandakı birdən çox hədəfə növbəti hücum mərhələsini başa çatdırıb.

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İranın cənubuna hücumlarına cavab olaraq həyata keçirilən əməliyyatlarla bağlı yazılı açıqlama yayıb. Açıqlamada ABŞ hücumlarının Bəndər Abbas hava limanını, polis və təhlükəsizlik bölmələrini hədəf aldığı, hava qüvvələri və donanmanın ABŞ bazalarına qarşı cavab zərbələri endirdiyi bildirilib.

Açıqlamada daha sonra iki hücum dalğası ilə Küveytdəki Əli əs-Səlim və Əhməd əl-Cabir hava bazalarında, Bəhreyndə isə Şeyx İsa Hərbi Hava Qüvvələri bazasında ABŞ ordusuna məxsus 18 mühüm hədəfin vurulduğu bildirilib. Qeyd edilib ki, atəşkəsin pozulması və ABŞ ordusunun ölkənin cənubundakı ərazilərə hücumlarından sonra İran İslam Respublikası Ordusu Bəhreyndə ABŞ-ın 5-ci Donanmasını müxtəlif növ dağıdıcı pilotsuz uçuş aparatları ilə hədəfə alıb.

Xatəm-əl Ənbiya Mərkəzi Qərargahının məlumatında bildirilib ki, bu andan etibarən bölgədəki təhlükəsizlik səbəbilə Hörmüz boğazı neft tankerləri və ticarət gəmiləri də daxil olmaqla, istənilən növ gəminin keçidi üçün bağlanıb və hər hansı bir nəqliyyat hədəfə alınacaq. Məlumatda qərarın ABŞ ordusunun Hörmüzqan əyalətinin bəzi cənub bölgələrinə hücumlarının başlaması nəzərə alınmaqla qəbul olunduğu bildirilib.