İranın ABŞ-la 14 maddəlik razılaşmasının detalları açıqlanıb.
“Mehr”in xəbərinə görə, razılaşma layihəsinə əsasən, İran və ABŞ arasında imzalanması gözlənilən 14 maddəlik razılaşmada Tehranın ballistik raketlərinə məhdudiyyətdən söhbət getmir.
ABŞ İrana qarşı sanksiyaları ləğv etməyi, hərbi qüvvələrini İranın sərhədləri ətrafından uzaqlaşdırmağı, dəniz blokadasını dayandırmağı və İranın bloklanmış vəsaitlərinin azad edilməsini öz öhdəsinə götürüb.
Bundan başqa, ABŞ İran iqtisadiyyatının bərpası layihəsini təqdim etməlidir.
Sənədin detalları aşağıdakı kimidir:
– Bütün cəbhələrdə, o cümlədən Livanda atəşin daimi və dərhal dayandırılması;
– ABŞ-ın İranın daxili işlərinə qarışmamaq və İran İslam Respublikasının suverenliyinə hörmət etmək öhdəliyi;
– Dəniz blokadasının 30 gün ərzində tam aradan qaldırılması;
– ABŞ-ın İran ətrafındakı qüvvələrini çıxarmaq öhdəliyi;
– Hörmüz boğazının 30 gün ərzində İranın müəyyən etdiyi qaydalarla açılması;
– Neft, neft-kimya məhsulları satışına dair sanksiyaların dayandırılması və İranın həmin vəsaitlərə tam çıxışının təmin olunması;
– ABŞ və müttəfiqləri tərəfindən İranın yenidənqurulması üçün azı 300 milyard dollar həcmində planların təqdim edilməsi zərurəti;
– Nüvə məsələləri əsasında yekun razılaşmaya nail olmaq və ABŞ-ın ilkin və ikinci dərəcəli sanksiyalarının, BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarəçilər Şurasının qətnamələrinin tam ləğvi üçün 60 günlük danışıqların aparılması;
– İranın NPT çərçivəsində nüvə silahı istehsal etməmək öhdəliyini bir daha təsdiqləməsi;
– Danışıqlar dövründə ABŞ-ın regiondakı qüvvələrini artırmamaq və yeni sanksiyalar tətbiq etməmək öhdəliyi;
– Yekun danışıqların 60 günlük mərhələsi ərzində İranın dondurulmuş 24 milyard dollar vəsaitinin azad edilməsi. Bu məbləğin yarısı danışıqlar başlamazdan əvvəl İranın istifadəsinə verilməlidir;
– Razılaşmanın icrası üçün nəzarət mexanizminin yaradılması;
– Yekun sazişin BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənməsi;
– Yekun danışıqlar İranın dondurulmuş vəsaitlərinin yarısının azad edilməsindən, İran neftinə tətbiq edilən sanksiyaların dayandırılmasından və dəniz blokadasının aradan qaldırılmasından əvvəl başlamayacaq. Yekun razılaşma yalnız zənginləşdirilmiş materialların taleyi, zənginləşdirmə, sanksiyaların ləğvi və İran iqtisadiyyatının bərpası proqramı ilə bağlı olacaq. İranın raket proqramı və müqavimət qruplarına dəstək məsələsi isə tam şəkildə gündəlikdən çıxarılıb.
Razılaşma İranda aidiyyəti qurumlarda yekunlaşdırılmalıdır.
“Axios” nəşri də yazıb ki, ABŞ və İran ilkin razılaşma layihəsinin mətnini razılaşdırıb.
“Axios” nəşrinin məlumatına görə, yaxın günlərdə imzalana biləcək qarşılıqlı anlaşma memorandumunun layihəsinə əsasən, Hörmüz boğazının dərhal açılması, İrana qarşı sanksiyaların yumşaldılması, Livan da daxil olmaqla atəşkəs rejiminin 60 gün uzadılması nəzərdə tutulur.
Memoranduma əsasən, İran heç vaxt nüvə silahı yaratmayacağına və zənginləşdirilmiş uran ehtiyatları məsələsini həll edəcəyi barədə öhdəlik götürür. Bunun qarşılığında ABŞ Tehranın razılaşma şərtlərini yerinə yetirməsindən asılı olaraq, sanksiyaları mərhələli şəkildə yumşaltmağa başlayacaq.
“Axios”un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp yüksək zənginləşdirilmiş uranın İranda BMT müfəttişlərinin nəzarəti altında saxlanılması variantının mümkün həll yollarından biri ola biləcəyini qəbul edib.
Sənəddə həmçinin ABŞ blokadasının dayandırılmasından və razılaşmanın imzalanmasından sonra 30 gün ərzində Hörmüz boğazında gəmiçiliyin müharibədən əvvəlki səviyyəyə qaytarılması planlaşdırılır.
Nəşr qeyd edir ki, Trampın razılaşmanın başa çatdığını elan etməsi İsrailin Baş naziri Benyamin Netanyahu üçün gözlənilməz olub. Məlumata görə, son günlər Netanyahu vəziyyətdən xəbərsiz olub və Tramp administrasiyasına yaxın müttəfiqlərlə əlaqə saxlayaraq məlumat almağa çalışıb.
Vasitəçi ölkələrdən birinin diplomatı “Axios”a bildirib ki, ABŞ və İran razılaşma mətnini razılaşdırıb, lakin sənəd hələ yekun təsdiqdən keçməlidir.
