ABŞ və İran arasında mümkün yekun razılaşmanın imzalanması İsrailin Baş naziri Benyamin Netanyahu üçün ciddi siyasi və strateji zərbə ola bilər.

Heftelik.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, İsrail rəsmiləri sazişin yekun nəticə verəcəyinə skeptik yanaşırlar. Mənbələrdən biri bildirib ki, Netanyahu razılaşmanın qaçılmaz olduğunu anlayıb və onun qarşısını ala bilməyəcəyini dərk edib.

Portal qeyd edir ki, Netanyahuya qarşı çıxan siyasi qüvvələr onu ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü şərtlərlə razılaşaraq İsraili “vassal dövlətə” çevirməkdə ittiham edirlər.

Portalın məlumatına görə, İsrail rəsmiləri açıq şəkildə Trampı tənqid etməsələr də, qapalı müzakirələrdə gələcək sazişə ehtiyatla yanaşırlar. Onların narahatlıqlarından biri də razılaşmanın İsrailin Livandakı fəaliyyət imkanlarını məhdudlaşdıra biləcəyidir.

Eyni zamanda, ABŞ rəsmiləri İsrail tərəfini sakitləşdirməyə çalışır və sazişin bütün şərtləri ilə tanış olduqdan sonra onların mövqeyinin dəyişəcəyinə ümid edir.