Bu gün İsveçrədə ölkə əhalisinin 2050-ci ilə qədər 10 milyon nəfərlə məhdudlaşdırılmasını nəzərdə tutan təklif üzrə referendum keçirilib.

Heftelik.az xəbər verir ki, teferendum təşəbbüsüylə sağçı İsveçrə Xalq Partiyası (SVP) çıxış edib.

İlkin nəticələrə əsasən, seçicilərin təxminən 55%-i təşəbbüsün əleyhinə səs verib, 45%-i isə onu dəstəkləyib.

Beləliklə, təşəbbüs qəbul edilməyib.

Qeyd edək ki, İsveçrə Xalq Partiyası (SVP) hesab edir ki, sürətli əhali artımı ölkənin infrastrukturuna, mənzil bazarına, sosial xidmətlərə və təbii resurslarına əlavə yük yaradır. Təşəbbüsə əsasən, İsveçrənin daimi əhalisi 2050-ci ilə qədər 10 milyon nəfəri keçməməlidir. Hazırda ölkədə təxminən 9,1 milyon nəfər yaşayır və proqnozlara görə, əhali sayının 2040-cı illərin əvvəllərində 10 milyona çatacağı gözlənilir. Layihədə qeyd olunur ki, əhalinin sayı 9,5 milyona çatdıqdan sonra hökumət immiqrasiya qaydalarını sərtləşdirməlidir. Bu dəyişikliklər əsasən sığınacaq verilməsi və ailələrin birləşməsi qaydalarına təsir göstərə bilər. Əhalinin sayı 10 milyonu keçərsə, hökumət əhali artımına təsir edən beynəlxalq sazişlərə yenidən baxmalı olacaq. Buraya Avropa İttifaqı ilə insanların sərbəst hərəkəti haqqında razılaşma da daxildir.

İsveçrə hökuməti və parlamenti isə təşəbbüsə qarşı çıxıb. Hesab edilib ki, bu addım iqtisadiyyata zərər verə, ixtisaslı işçi qüvvəsinin çatışmazlığına səbəb ola və Avropa İttifaqı ilə münasibətləri çətinləşdirə bilər. Bir sıra iri şirkətlər də referendumun mümkün nəticələrindən narahatlığını bildirib.