ABŞ və İran arasında razılaşma əldə edilib və rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə keçiriləcək.

Heftelik.az xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif deyib.

“İntensiv danışıqlardan sonra ABŞ və İran arasında sülh müqaviləsi üçün razılıq əldə edildiyini elan etməkdən məmnunuq. Hər iki tərəf Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi dayandırıldığını elan edir. Rəsmi imzalanma mərasimi 19 iyun cümə günü İsveçrədə keçiriləcək. Sazişin qüvvəyə minməsi ilə vasitəçilər bu həftə bir sıra görüşlər təşkil edəcəklər. Münaqişənin diplomatik həllinin tapılmasına sadiq olduqları üçün ABŞ və İrana təşəkkür edirik”, – Baş nazir əlavə edib.

O, Vaşinqton və Tehran arasında razılığa gəlməkdə göstərdiyi dəstəyə görə Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə rəhbərliyinə də təşəkkür edib.

“The New York Times” qəzeti adları açıqlanmayan İran rəsmilərinə istinadən məlumat yayıb ki, İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə səfər edəcəklər.

Rəsmilərin sözlərinə görə, 19 iyunda keçirilməsi planlaşdırılan imzalanma mərasimində ABŞ tərəfini vitse-prezident Ceyms Devid Vens təmsil edəcək. Qəzet onu da qeyd edir ki, əgər bu baş tutarsa, bu tədbir Vaşinqton və Tehran arasında son 47 ildə ən yüksək səviyyəli görüş olacaq.

ABŞ Pezidenti Donald Tramp qeyd edib ki, İranla müqavilə bağlanıb və bununla Hörmüz boğazının ödənişsiz açılmasına və ABŞ-ın dəniz blokadasının dərhal qaldırılmasına icazə verir: “İran İslam Respublikası ilə müqavilə artıq uğurla başa çatdı və hər kəsi təbrik edirəm”.

ABŞ-ın Vitse-prezidenti ceyms Devid Vens “Fox News”a müsahibəsində bildirib ki, ABŞ-İran razılaşması Yaxın Şərqdə növbəti 50 il ərzində fundamental dəyişikliklərə səbəb ola bilər: “Əgər iranlılar bu razılaşmaya əməl etsələr, bu, Yaxın Şərqi növbəti 50 il ərzində kökündən dəyişəcək. Bu, müharibəyə son qoyacaq, Yaxın Şərqi investisiya üçün daha cəlbedici edəcək. Bu, Amerika xalqı üçün rifah və enerji qiymətlərinin aşağı düşməsi demək olacaq”.