Futbol üzrə İran millisinin baş məşqçisi Əmir Qalenoy dünya çempionatının qrup mərhələsinin I turunda Yeni Zelandiya ilə heç-heçə etdikləri matçın nəticəsindən razı deyil.
Heftelik.az Report-a istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis bu barədə matçdan sonra açıqlama verib.
O, 2:2 hesabı ilə başa çatan qarşılaşmada qol şanslarının olduğunu bildirib:
“Çox gözəl görüş alındı. Məncə, ilk turun ən yaxşı matçı idi. Oyundan razı olsam da, nəticədən razı deyiləm. Qapımıza iki top gəldi, hər ikisi qolla nəticələndi. Bizim isə çox qol imkanlarımız oldu. Amma yararlana bilmədik. ABŞ-yə daha tez gəlməli idik. Amma təəssüf ki, buna imkan vermədilər. Hələ tam uyğunlaşmamışıq. Artıq bir az dincəlməli və bərpa olunmalıyıq. Bu matçı təhlil edəcəyik və zəif cəhətlərimizin üzərində işləyəcəyik”.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.
