UEFA Avropa Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Vestri” son illərdə İslandiyada diqqət çəkən komandalardandır.
Heftelik.az Report-a istinadən xəbər verir ki, kiçik büdcəyə baxmayaraq, klub ölkə futbolunda qısa müddətdə ciddi nəticələr əldə etməyi bacarıb.
“Vestri” 1986-cı ildə yaradılıb. Klub müxtəlif idman növlərini birləşdirən idman cəmiyyətinin tərkibində fəaliyyət göstərir.
Həmin il klub İslandiyanın İsafyordür şəhərində “Badmintonfelaq İsafyordür”ın futbol bölməsi kimi yaradılıb. Sonrakı illərdə futbol komandası “Bİ 88” adı ilə çıxış etməyə başlayıb.
2006-cı ildə isə İsafyordür və Bolunqarvik bölgələrinin futbol strukturunun birləşməsi nəticəsində komanda “Bİ/Bolunqarvik” adı altında mübarizə aparıb və bu dövr 2016-cı ilə qədər davam edib.
Nəhayət, 2016-cı ildə klub “İbrottafelaqio Vestri” (qısa “Vestri”) adını qəbul edib və indiki rəsmi kimliyini formalaşdırıb.
Klub İslandiyanın şimal-qərbində yerləşən, əhalisinin sayı 2744 nəfər olan kiçik İsafyordür şəhərini təmsil edir. Komanda ev oyunlarını 1596 tamaşaçı tutumuna malik “Torfnesvöllur” stadionunda keçirir.
Uzun illər aşağı liqalarda mübarizə aparan komanda 2023-cü ildə tarixində ilk dəfə İslandiyanın ən yüksək liqasına (Besta deild karla) vəsiqə qazanıb. Bu yüksəliş onların ən böyük uğurlarından biri hesab olunur.
“Vestri”nin ən böyük tarixi nailiyyəti isə 2025-ci ildə qeydə alınıb. Komanda İslandiya Kubokunun finalında ölkənin aparıcı klublarından biri olan “Valur”u 1:0 hesabı ilə məğlub edərək tarixində ilk böyük titulunu qazanıb. Bu nəticə həm də klubun Avropa arenasına çıxışını təmin edib.
Komandanın prezidenti Qudfinna Hreydarsdottir, baş məşqçisi isə Daniel Osafo-Badudur.
“Vestri” səviyyəcə ikinci liqa hesab olunan I Divizionda mübarizə aparır. Klub hazırda davam edən çempionatda 16 xalla dördüncü pillədə qərarlaşıb.
Avrokuboklarda debütə hazırlaşan İslandiya təmsilçisi üçün “Qarabağ”la duel klub tarixinin ən böyük sınaqlarından biri hesab olunur. Komandanın heyətində Şimali Makedoniya, Braziliya, Seneqal, Danimarka, Cənubi Afrika Respublikası, İsveç və Qanadan legioner futbolçular var.
Xatırladaq ki, UEFA Avropa Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək. Qurban Qurbanovun baş məşqçi olduğu komanda ilk matçını səfərdə keçirəcək.
