Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunacaq.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
Ümumi təhsil sahəsində valideynlərin və ya digər qanuni nümayəndələrin vəzifələri sırasına dövlət ümumi təhsil müəssisəsində övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) tərəfindən geyim forması ilə bağlı tələblərə riayət olunmasını təmin etmək də daxil edilir.
Hazırda dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar üçün geyim formaları tətbiq olunur. Bu xüsusda, “Ümumi təhsil haqqında” qanuna təklif edilən yeni 24.2.2-1-ci maddəyə əsasən təhsilalanların geyim forması ilə bağlı sözügedən tələblərə riayət edilməsinin valideynlər və ya digər qanuni nümayəndələr üzərinə vəzifə olaraq qoyulması təklif olunur.
Dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar və təhsilverənlər tərəfindən geyim ilə bağlı tələblərə riayət olunmalıdır.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
