Abşeron Rayon Mərkəzi Xəstəxanası (RMX) haqqında bəzi qeydlərim olacaq. Yazıram ki, bu nüanslara diqqət yetirilsin, düzəldilsin. Qəza 16:43–16:44-də baş vermişdi və Zəhranın ürəyi 20:20-yə kimi döyünmüşdü: hadisədən sonra 3 saat 40 dəqiqə ürəyi döyünən Zəhranı xilas etmək mümkün olmadı, ya da ciddi cəhd göstərilmədi.
Heftelik.az xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas Fərhad Mehdiyev yol qəzasında həyatını itirən qızı ilə bağlı etdiyi paylaşımda qeyd edib.
O bildirib ki, hadisə zamanı əraziyə təcili tibbi yardım maşını göndərilməyib:
“Birincisi, qızımın qəzaya düşdüyü yer Abşeron RMX-dən 300–400 metr aralı olduğu halda, onu hadisə yerindən götürmək üçün təcili tibbi yardım (TTY) maşını göndərilmədi. İnsanlar uşağa boyun korseti taxmadan, taksiyə qoyub özləri gətirdilər (xəstəni bu şəkildə daşımaq olmaz). Səbəb kimi göstərilir ki, hadisə yerinə çatmaq üçün TTY maşını uzun yol qət etməli idi. Lakin buna ehtiyac da yox idi: TTY maşını sürət yolunun sağında olan əlavə yola siqnallarını yandıraraq tərs istiqamətdə gedə bilərdi, hadisə yerinə paralel saxlanılıb uşağa boyun korseti taxılmaqla xərəyə köçürülüb, sonra da dəmir jalüzlər üzərindən keçirilməklə xəstəxanaya çatdırıla bilərdi. Həmin o yardımcı yolda Sumqayıt istiqamətində də hərəkət dayandırıla bilərdi. TTY işi belə qurulmamalıdır. Xəstə xəstəxanaya çatdırılana qədər əlavə travmatik şok yaşamamalıdır. TTY maşınları yerində xəstənin vəziyyətini qiymətləndirməli, şinlər və boyun fiksatorlarını taxmalı, lazım gələrsə intubasiya və infuziya tədbirlərini artıq ilkin dəqiqələrdən həyata keçirməlidir.
İkincisi, qızım xeyli qan itirmişdi. Onun paltarlarına baxdıqda nə qədər qan itirdiyini anlamaq mümkündür. Sol bud sümüyündə açıq qırıq vardı, oradan nə qədər qan itirdiyini təsəvvür etmək olur. Lakin ona qan köçürülmədi. Anlayıram ki, Zəhranın aldığı zədələr çoxsaylı və ağır idi. Amma fikrimcə, xəstəxana heyəti bu uşağın ta başdan yaşamayacağına qərar verib, ciddi müdaxilə etmək istəmədilər. Məsələn, sol budundakı açıq yaraya xəstəxanada tikişin atılmaması, həkim heyətinin xəstənin yaşamayacağını düşündüyünü göstərir.
Əgər Abşeron RMX-də ağır xəstələrə müdaxilə etmə və ciddi reanimasion tədbir göstərmə imkanları yoxdursa, bunu bəyan etsinlər, insanlar da ora deyil, digər xəstəxanalara yönəlsinlər, çünki ağır vəziyyətdə olan xəstələr üçün hər dəqiqə dəyərlidir. Daha əvvəl də həmin xəstəxanada KT aparatının işləmədiyini qeyd etmişdim”.
Vəkil əlavə edib ki, TƏBİB də öz növbəsində Abşeron RMX-nin TTY şöbəsinin maddi-texniki dəstəyini, habelə personal üçün təlim dəstəyini artırmalıdır:
“Bədbəxt hadisələrdə xəstəyə ilkin müdaxilənin düzgün aparılması onun həyatını xilas etmək baxımından olduqca vacibdir. Nəzərə alınmalıdır ki, həmin xəstəxana geniş əraziyə xidmət göstərir və oradakı xidmətlərin düzgün qurulması ciddi əhəmiyyət daşıyır”.
TƏBİB Fərhad Mehdiyevə cavab verib: “Daxil olduqdan dərhal sonra reanimasiya və intensiv terapiya tədbirlərinə başlanılıb, hava yolunun keçiriciliyinin təmin edilməsi məqsədilə intubasiya icra olunub, mərkəzi venoz kateter yerləşdirilib, hemodinamik göstəricilərin stabilləşdirilməsi üçün infuzion terapiya və vazopressor dəstəyi göstərilib. Eyni zamanda açıq sınıq sahəsinə ilkin tibbi yardım göstərilib, yara işlənilib və ətrafın immobilizasiyası məqsədilə gips qoyulub.İlkin qiymətləndirmə zamanı baş-beyinin alın payının əzilməsi, döş qəfəsinin əzilməsi, bud-çanaq oynağı nahiyəsinin sınığı və massiv qanaxma ilə müşayiət olunan çoxsaylı ağır travmalar müəyyən edilib. Həkimlər tərəfindən xəstənin həyatının xilas olunması, həyati vacib funksiyalarının qorunması və vəziyyətinin stabilləşdirilməsi istiqamətində bütün zəruri tibbi tədbirlər həyata keçirilib.
Bununla belə, alınmış çoxsaylı ağır travmalar və onların yaratdığı ağır fəsadlar fonunda ürək fəaliyyəti dayanıb və bioloji ölüm baş verib”.
Qeyd edək ki, tanınmış hüquqşünas Fərhad Mehdiyevin qızı Zəhra Mehdiyeva iyunun 16-da Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.