Tərtər rayonunda İcra Hakimiyyətinin Vətən müharibəsinin 2-ci qrup əlilinin qayğıları ilə maraqlanmaq məqsədi ilə həmin əlillə təşkil olunan görüşü 97 saylı Tərtər – Ağdərə – Goranboy seçki dairəsinin deputat Anar Məmmədov özünün reklam vasitəsinə çevirib, reklam verdiyi media orqanlarında öz təşəbbüsü ilə keçirilən görüş kimi təqdim etdirib.

Heftelik.az xəbər verir ki, Anar Məmmədov bu gün Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərlərinin də iştirak etdiyi görüşü ölkənin ən nüfuzlu media orqanlarında özünün reklamı formasında təqdim etməkdən çəkinməyib.

Həmin xəbərlərin təqdimatında yazılıb ki,  Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Bala Kəngərli kəndində Vətən müharibəsinin 2-ci qrup əlili Salmanlı İlqar İlham oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıb. Daha sonra qeyd edilib ki, “millət vəkili İlqar Salmanlını Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə ziyarət edib”.

Mediaya təqdim edilən fotoşəkillərdə də məqsədyönlü şəkildə məhz Anar Məmmədov qabardılıb. Beləliklə, rayon İcra Hakimiyyətinin başçısına, ümumən İcra Hakimiyyətinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə qarşı açıq formada sayğısızlığa yol verilib.

Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna əsasən:

6.1. Deputat vicdanlı davranış nümayiş etdirməlidir.

6.2. Deputat Milli Məclisin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışa yol verməməli, deputat adını, şərəf və ləyaqətini uca tutmalıdır.

6.3. Deputat vətəndaşlarla, o cümlədən seçiciləri ilə münasibətlərində, həmkarları, dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışlarında və Milli Məclisin iclaslarında nəzakətli və təmkinli olmalıdır.

11.1. Deputat səlahiyyət müddətində maraqlar toqquşmasına yol verməməli, öz səlahiyyətlərindən maraqları üçün istifadə etməməli, maraqlarının onun deputatlıq fəaliyyətinə təsir göstərməsinə şərait yaratmamalı, həmçinin səlahiyyət müddətində deputatlıq səlahiyyəti müddətindən sonrakı dövrlərdə digər sahədəki fəaliyyətinə dəstək yaratmaq məqsədi ilə hər hansı bir hərəkət (hərəkətsizlik) etməməlidir. Deputat hər hansı maraqlı tərəflə ünsiyyət zamanı şəffaflıq və dürüstlük prinsiplərini rəhbər tutmalıdır.

13.1. Etik davranış qaydalarının deputat tərəfindən pozulması barədə şikayətlərə və məlumatlara operativ və qərəzsiz baxılmalıdır.

13.2. Etik davranış qaydalarına əməl olunmasına nəzarət Milli Məclisin İntizam komissiyası tərəfindən həyata keçirilir…

Sahibkar kimliyi ilə daha çox tanınan Anar Məmmədovun bu davranışı “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanuna nə dərəcədə uyğundur? Deputata Milli Məclisin İntizam komissiyası tərəfindən xəbərdarlıq ediləcəkmi?

Qeyd edək ki, Salmanlı İlqar İlham oğlu Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İlqar Salmanlı “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. Döyüşlərdə aldığı xəsarətlərə görə ona ikinci dərəcəli əlillik təyin edilib.

Vətən müharibəsi əlili şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnnətdarlıqlarını bildiriblər.