ABŞ Silahlı Qüvvələri iyulun 8-nə keçən gecə İrana qarşı yeni silsilə hava zərbələri endirib.
Heftelik.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.
Qeyd edilib ki, əməliyyat İranın iyulun 7-də Hörmüz boğazından keçən üç ticarət gəmisinə hücumuna cavab olaraq həyata keçirilib. ABŞ qüvvələri yüksək dəqiqlikli silahlardan istifadə etməklə İran ərazisində 80-dən çox hədəfi vurub. Zərbələr İranın hava hücumundan müdafiə sistemlərinə, komanda-idarəetmə şəbəkələrinə, sahil radar stansiyalarına, gəmi əleyhinə raket komplekslərinə, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 600-dən çox sürətli katerinə endirilib.
CENTCOM bildirib ki, əməliyyatın məqsədi İranın beynəlxalq dəniz ticarətinə qarşı hücumlar həyata keçirmək imkanlarını zəiflətməkdir.
SEPAH isə ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi obyektlərinə genişmiqyaslı raket zərbələri endirdiyini bəyan edib. Qeyd edilib ki, əməliyyat ABŞ-ın gecə saatlarında İranın Hörmüzqan vilayətindəki sahilyanı hərbi bazalara və Məhşəhr şəhərindəki mülki obyektlərə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.
SEPAH-ın iddiasına görə, əməliyyat zamanı ABŞ-ın regiondakı əsas hərbi bazalarında yerləşən 85 obyekt hədəfə alınıb. Zərbələrin Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının məsuliyyət zonasında yerləşən Salman limanına, eləcə də Küveytdəki Əli əl-Səlim aviabazasına endirildiyi bildirilib.
Bəyanatda həmçinin qeyd olunub ki, əməliyyat zamanı İranın zərbə vasitələrini ələ keçirməyə çalışan ABŞ-a məxsus MQ-9 Reaper kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı vurulub.
SEPAH ABŞ-ın son hücumlarını İranın keçmiş ali dini lideri Əli Xameneinin xatirəsinə keçirilən matəm mərasimlərini pozmağa cəhd kimi qiymətləndirib və bildirib ki, bu əməliyyat ABŞ-ın “təcavüzünə ilkin cavabdır”.
Bu arada Vaşinqton İranın neft sektoruna tətbiq edilən sanksiyaların avqustun 21-dək yumşaldılmasını nəzərdə tutan qərarı ləğv etdiyini açıqlayıb. ABŞ Maliyyə Nazirliyi isə iyunun 21-də verilmiş və İranın neft sektoruna qarşı birtərəfli sanksiyaların tətbiqini avqustun 21-dək dayandıran ümumi lisenziyanın iyulun 7-dən etibarən ləğv olunduğunu açıqlayıb.
Yeni qərara əsasən, İranın neft sektoru ilə bağlı yeni əməliyyatların, o cümlədən neftin alınması və yüklənməsinin həyata keçirilməsinə icazə verilməyəcək. Əvvəlki lisenziya çərçivəsində icazə verilmiş əməliyyatların isə iyulun 17-dək başa çatdırılması tələb olunur.
İran Xarici İşlər Nazirliyi ABŞ-ın İranın neft satışına tətbiq olunan sanksiyaların müvəqqəti dayandırılmasını ləğv etmək qərarı ilə müharibənin başa çatmasına dair 2026-cı il 18 iyunda İslamabadda imzalanmış memorandumun 10-cu bəndinin açıq şəkildə pozulduğunu bildirib. Bəyanatda qeyd olunub ki, razılaşmanın imzalanmasından 20 gün keçməmiş atılan bu addım ABŞ-ın “pis niyyətli, qeyri-sabit və etibarsız” olduğunu göstərir.
İran XİN həmçinin bildirib ki, ABŞ bu müddət ərzində birbaşa və ya İsrailin Livana qarşı addımları vasitəsilə razılaşmanın müddəalarını bir neçə dəfə pozub.
Bəyanatda vurğulanıb ki, İran memorandumun imzalanmasından sonra öhdəliklərinə xoş niyyətlə əməl edib, ABŞ isə öz öhdəliklərini pozmaqla yanaşı, bu addımlarına bəraət qazandırmağa çalışıb. İran Xin bəyan edib ki, ölkə öz milli maraqlarını və təhlükəsizliyini qorumaq üçün zəruri tədbirlər görəcək.
İran parlamentinin sədri, İranın danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf ABŞ-ı imzalanmış memorandumun əsas müddəalarını pozmaqda ittiham edib: “ABŞ-ın neft sanksiyalarını yenidən tətbiq etməsi, İranın cənubuna hücumlar həyata keçirməsi, yeni zərbələrlə bağlı davamlı təhdidlər səsləndirməsi, həmçinin sionist təcavüzünü davam etdirməsi Tehranın mövqeyinə təsir göstərməyəcək. Qorxutma və hədə-qorxu dövrü başa çatıb. Bu, heç bir nəticə verməyəcək. Biz təslim olmayacağıq”.
