Çinin cənubunda baş verən tayfun və daşqınlar nəticəsində bəndin çökməsi su altında qalan ilan fermasından aralarında kobraların da olduğu təxminən 900 ilanın qaçmasına səbəb olub.

Heftelik.az “Global Times” qəzetinə istinadən xəbər verir ki, güclü tayfunun təsir etdiyi Quansi əyalətində daşqınlar nəticəsində Liulan bəndi çöküb.

Bəndin sularının zərbə vurduğu ərazidə yerləşən ilan yetişdirmə təsərrüfatının mühafizə divarları və hasarları dağılıb, fermadakı təxminən 900 ilan ətrafa yayılıb.

Aralarında ölümcül kobraların da olduğu yüzlərlə ilanın yayıldığı Denqvey kəndində fövqəladə vəziyyət elan edilib.

İlanların basdığı kənddə böyük təşviş yaşanıb. Daşqın suları altında qalan küçələrdə yüzlərlə ilanın üzdüyü, bəzilərinin isə evlərin pəncərələrinə dırmaşmağa çalışdığı müşahidə olunub.

Hadisə yerinə təcili müdaxilə qrupları cəlb edilib

Hadisədən sonra əyalət səviyyəsində həyəcan siqnalı elan olunub və əraziyə çoxsaylı axtarış-xilasetmə və təcili müdaxilə qrupları göndərilib.

Quanqcou Fövqəladə Halların İdarə Edilməsi Bürosu xüsusi qoruyucu geyimlərlə təchiz edilmiş qrupların həm sürünənlərin tutulması, həm də daşqından zərər çəkən sakinlərin təxliyəsi istiqamətində əməliyyat apardığını açıqlayıb.

Səlahiyyətli qurumlar bölgədə zəhər əleyhinə serum ehtiyatlarının artırıldığını, yerli xəstəxanalarda isə mümkün kobra sancmalarına qarşı xüsusi operativ müdaxilə xətlərinin yaradıldığını bildiriblər.

İndiyədək bir kənd sakininin ilan sancması nəticəsində xəstəxanaya yerləşdirildiyi qeyd olunur.

Məlumata görə, Çinin cənubunda təsirli olan Maysak tayfununun yaratdığı güclü daşqınlar nəticəsində indiyədək 39 nəfər həyatını itirib.