ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti zərbələr mərhələsinin başa çatdığını açıqlayıb.

Heftelik.az  xəbər verir ki, bu barədə CENTCOM məlumat yayıb.

Bildirilib ki, iyulun 14-də ABŞ-ın şərq sahili vaxtı ilə saat 22:00-da həyata keçirilən əməliyyat zamanı Hörmüz boğazı yaxınlığındakı və İranın sahilyanı ərazilərində yerləşən onlarla hərbi obyekt vurulub.

Məlumata görə, ABŞ-ın qırıcı təyyarələri, pilotsuz uçuş aparatları və Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər yüksək dəqiqlikli sursatlardan istifadə etməklə İranın raket və PUA infrastrukturu, hərbi dəniz imkanları və sahil müdafiə sistemlərinə zərbələr endirib.

CENTCOM bildirib ki, əməliyyatın məqsədi İranın Hörmüz boğazında beynəlxalq ticarət gəmiçiliyini və mülki ekipajları təhdid etmək imkanlarını daha da zəiflətməkdir.

Komandanlıq qeyd edib ki, zərbələr ABŞ-ın həmin gün İran limanlarına gedən və oradan çıxan gəmilərə qarşı dəniz blokadasını bərpa etməsindən sonra həyata keçirilib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə ABŞ-ın Bəhreyn, Küveyt və İordaniyadakı hərbi obyektlərinə raket zərbələri endirdiyini bəyan edib. SEPAH-ın açıqlamasına görə, Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının bazasında idarəetmə mərkəzi, ehtiyat hissələri və hərbi texnika anbarları, həmçinin yanacaq rezervuarları vurulub.

Bəyanatda, həmçinin Küveytin Mina-Abdulla bölgəsində yerləşən ABŞ Silahlı Qüvvələrinin logistika və təminat mərkəzinin raket zərbəsi nəticəsində məhv edildiyi iddia olunub.

SEPAH əlavə edib ki, İordaniyadakı Əl-Əzraq aviabazasına qarşı ikinci hücum dalğası həyata keçirilib. Bildirilib ki, zərbələr nəticəsində F-18 qırıcılarının yerləşdiyi məntəqələr və ABŞ ordusuna məxsus iri hərbi texnika anqarları hədəfə alınıb.

İnqilab Keşikçiləri, həmçinin ABŞ-ın İrana qarşı “düşmənçilik hərəkətləri” dayandırılana qədər Hörmüz boğazının bağlı qalacağını bəyan edib.

SEPAH ABŞ hərbi bazalarına zərbələrin “qəti qələbəyədək” davam etdiriləcəyini də bildirib.