Sabahdan Əbdüləzəl Dəmirçizadə küçəsində nəqliyyat vasitələrinin hərəkət istiqaməti əksinə dəyişdirilir.
Heftelik.az xəbər verir ki, dəyişiklik Nəqliyyatı Əlaqələndirmə Şurasının təsdiqlədiyi layihə çərçivəsində həyata keçirilir.
Həyata keçirilən bu layihə daha əvvəl Koroğlu Rəhimov küçəsində və Xətai prospektində reallaşdırılan uğurlu layihələrin davamıdır. Təbriz küçəsindən Heydər Əliyev prospekti istiqamətində hərəkət edən nəqliyyat vasitələri əvvəlki istiqamətdən fərqli olaraq yalnız Koroğlu Rəhimov və Əhməd bəy Ağaoğlu küçələri vasitəsilə hərəkətlərini davam etdirə biləcəklər.
Layihə çərçivəsində yeni avtobus zolağı da təşkil ediləcək. Yaradılan avtobus zolağı ümumi axına mane olmadan yalnız sağa, yəni Elm və Təhsil Nazirliyi istiqamətində avtobusların hərəkətini təmin edəcək.
Qeyd edək ki, layihənin icrası zamanı Dəmirçizadə küçəsində mövcud parklanma yerləri tam şəkildə saxlanılacaq.
Xatırladaq ki, bu, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan Ağaoğlu və Yusif Səfərov küçələrini birləşdirən tunelin inşasına kimi olan müvəqqəti həlldir.
