Keçmiş CHP sədri mərhum Deniz Baykalın həyat yoldaşı Olcay Baykal 88 yaşında Antalyada müalicə aldığı xəstəxanada vəfat edib.
Heftelik.az xəbər verir ki, Olcay Baykal bu gün səhər saatlarında müalicə aldığı Antalya Kepez Dövlət Xəstəxanasında dünyasını dəyişib.
Onun nəşi dəfn olunmaq üçün Antalya Böyükşəhər Bələdiyyəsinin cənazə avtomobili ilə Antalya Hava Limanına, oradan isə təyyarə ilə Ankaraya göndərilib. Bildirilib ki, Olcay Baykal cümə günü mərhum həyat yoldaşı Deniz Baykalın yanında torpağa tapşırılacaq.
İxtisaca müəllim olan Olcay Baykal 1963-cü ildə həmin dövrdə vəkil olan CHP-nin gələcək sədri Deniz Baykalla gizli şəkildə ailə qurub. Deniz Baykal onu Qara dəniz sahilində yerləşən Akçakocaya apararaq burada nikaha daxil olub və sonradan ailələrinə bu barədə məlumat veriblər. Üç il əvvəl vəfat edən Deniz Baykal və məktəb illərindən sevdiyi Olcay Baykalın Ataç və Aslı adlı iki övladı var.
