ABŞ Ordusu İrana daha bir zərbə dalğasını başa çatdırıb.
Heftelik.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə “X” sosial şəbəkəsində bildirib.
Qeyd edilib ki, bu gün Şərq vaxtı ilə saat 21:40-da (Bakı vaxtı ilə saat 05:40 – red.) ABŞ Mərkəzi Komandanlığı İrana sonuncu böyük zərbə dalğasını tamamlayıb: “ABŞ Silahlı Qüvvələri sahil müşahidə və hava hücumundan müdafiə qurğuları, hərbi logistika infrastrukturu və dəniz qüvvələri də daxil olmaqla İranın onlarla hərbi obyektinə zərbələr endirdi”r.
Əməliyyatda qırıcı təyyarələr, dronlar, hərbi gəmilər və yüksək dəqiqlikli sursatlardan istifadə edilib.
“Tasnim” agentliyi ABŞ-ın İranşəhr hava limanına raket zərbəsi endirdiyi barədə məlumat yayıb.
Hadisə zamanı hava limanı ətrafında üç partlayış səsi eşidilib. Ölən və yaralananlar, eləcə də hava limanının infrastrukturuna dəyən ziyan barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
ABŞ-ın İranın Bəndər-Xomeyni şəhərinə endirdiyi zərbələr nəticəsində isə 7 nəfər ölüb, 9 nəfər yaralanıb. Bu barədə “Fars” agentliyi məlumat yayıb. Hadisə yerində xilasedicilər və tibb işçiləri yaralılara yardım göstərirlər. Bəndər-Abbas və Lars şəhərləri arasında nəqliyyatın hərəkəti məhdudiyyətlərlə bərpa olunub.
Sürücülərə mümkün qədər bu marşrutdan istifadə etməmək tövsiyə edilib.
“Tasnim” agentliyinin məlumatına görə, İran ABŞ-ın Bəhreyndəki aviabazasına dronla hücum edib. Hücum zamanı ABŞ-a məxsus helikopterlərin və kəşfiyyat təyyarələrinin yerləşdiyi obyektlər hədəfə alınıb.
Əməliyyat ABŞ-ın İrandakı hərbi fəaliyyətinə cavab olaraq Yaxın Şərqdə yerləşən Amerika bazalarına qarşı həyata keçirilən “İldırım” əməliyyatı çərçivəsində baş tutub. Hücumun nəticələri barədə hələlik əlavə məlumat açıqlanmayıb.
