İngiltərədə sabiq Mançester meri Endi Börnhem İşçi Partiyasının yeni lideri seçilib.
Heftelik.az xəbər verir ki, Endi Börnhemin iyulun 20-də vəzifəni Kir Starmerdən təhvil alaraq ölkənin yeni baş naziri olacağı gözlənilir.
İngiltərədə hakim İşçi Partiyası iyulun 17-də Endi Börnhemi yeni lideri kimi təsdiqləyib. Partiyanın parlamentdəki çoxluğu sayəsində Börnhemin ölkənin növbəti baş naziri olacağı gözlənilir.
56 yaşlı təcrübəli siyasətçinin iyulun 20-də baş nazir vəzifəsini Kir Starmerdən təhvil alacağı bildirilib. Börnhem son 10 ildə İngiltərənin yeddinci baş naziri olacaq.
VƏZİFƏNİ İYULUN 20-DƏ TƏHVİL ALACAĞI GÖZLƏNİLİR
Börnhemin vəzifəsinin icrasına başlaması doqquz illik fasilədən sonra Parlamentə qayıdışından cəmi dörd həftə sonraya təsadüf edəcək.
Parlamentdə böyük çoxluğa malik İşçi Partiyasının liderlik yarışında yeganə namizəd olan Börnhemin liderliyi rəsmən təsdiqlənib.
“ŞİMALIN KRALI” KİMİ TANINIR
Ardıcıl üç dəfə Mançester meri seçilən Börnhem bu uğuruna görə ictimaiyyətdə “Şimalın kralı” kimi tanınır.
Börnhem İşçi Partiyasının liderliyi uğrunda üç dəfə namizəd olmuşdu. O, daha əvvəl 2010-cu ildə Ed Miliband, 2015-ci ildə isə Ceremi Korbinlə rəqabətdə məğlub olmuşdu. Bu dəfə isə yeganə namizəd kimi partiyanın lideri seçilib.
