İsrail həbsxanalarda saxladığı 9 mindən çox fələstinli məhkumu qeyri-insani üsulla cəzalandırmağa hazırlaşır. İsrail mətbuatının məlumatına görə, Nil timsahlarının həbsxanaların ətrafında salınacaq xəndəklərə yerləşdirilməsinə imkan yaradılıb.
Fələstinli məhbuslara qarşı işgəncə və cinsi zorakılıq halları səbəbindən daha əvvəl dəfələrlə beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarında tənqid olunan İsrail həbsxanalardakı qeyri-insani rəftarına daha bir üsul əlavə etməyə hazırlaşır. Ətraf Mühitin Mühafizəsi naziri İdit Silmanın imzaladığı qərarla ifrat sağçı Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin “fələstinli məhbusların saxlanıldığı həbsxanaların timsahlarla əhatə olunmuş xəndəklərlə mühasirəyə alınması” planının həyata keçirilməsi qarşısındakı əsas maneələrdən biri aradan qaldırılıb.
Nazir qərarı imzalayıb
İsrailin Kanal 7 telekanalının məlumatına görə, nazir İdit Silman ötən gün “dünyanın ikinci ən böyük sürünəni” hesab edilən Nil timsahının “mühafizə olunan vəhşi heyvan” statusundan çıxarılaraq “saxlanılan vəhşi heyvan” kateqoriyasına daxil edilməsi barədə qərarı imzalayıb.
Yeni tənzimləməyə əsasən, İsrail Həbsxana Xidməti də daxil olmaqla dövlət qurumları müəyyən şərtlər daxilində öz obyektlərində timsah saxlaya biləcəklər. Məlumatda qeyd olunur ki, İsrail rəsmiləri belə xəndəklərin təhlükəsizlik xərclərini azaldacağına və həbsxanaların mühafizəsini gücləndirəcəyinə inanırlar.
Digər tərəfdən, bir gənc timsahın təxminən 8 min dollara, yetkin timsahın isə 20 min dollara başa gəldiyi bildirilir.
Plan yeni deyil
Fələstinlilərə qarşı sərt mövqeyi ilə tanınan Ben-Qvir “timsahlı xəndək” ideyasını ilk dəfə ötən il Həbsxana Xidmətinin komissarı Kobi Yaakobi ilə görüşü zamanı gündəmə gətirmişdi.
Plan ilk mərhələdə Təbiət və Parklar İdarəsinin etirazı ilə qarşılaşmışdı. Qurum timsahların yalnız təhsil və elmi araşdırmalar məqsədilə saxlanıla biləcəyini bildirsə də, layihə üzrə hazırlıq işləri davam etdirilib.
Həmin dövrdə Ben-Qvirin timsahları ilk mərhələdə ölkənin cənubundakı Ketziot həbsxanasına gətirməyi planlaşdırdığı iddia olunurdu. Lakin Silmanın qərarına baxmayaraq, planın praktik icra mərhələsinə keçib-keçməyəcəyi hələ dəqiq deyil.
Ən azı 9 min fələstinli məhbus saxlanılır
İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına hücumlara başlamasından sonra fələstinli məhbusların saxlanma şəraitinin daha da ağırlaşdığı bildirilir.
Məlumatlara əsasən, İsrail həbsxanalarında qadın və uşaqlar da daxil olmaqla 9 min 600-dən çox fələstinli məhbus, eləcə də 3 min 532 nəfər inzibati qaydada həbs edilmiş şəxs saxlanılır.
“İnsan Hüquqları Uğrunda Həkimlər – İsrail” təşkilatı isə bildirir ki, 2023-cü ilin oktyabrından 2026-cı ilin iyun ayınadək həbsdə olan 105 fələstinli həyatını itirib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, Ben-Qvirin planının həyata keçirilməsi İsrailin həbsxana siyasətini daha da sərtləşdirə bilər.
Qeyd edək ki İsraildə polis qüvvələri və penitensiar müəssisələrə də nəzarət edən Ben-Qvirin “timsahlı xəndək” ideyasını ABŞ-ın Florida ştatındakı Everqleyds Milli Parkında yerləşən və Alligator Alcatraz (Timsah Alkatrazı) kimi tanınan miqrant saxlama mərkəzindən ilhamlanaraq irəli sürdüyü ehtimal edilir. Ətrafı timsahlarla əhatə olunduğu üçün qaçışın mümkünsüz sayıldığı bu mərkəz geniş tənqidlərdən sonra ötən ay bağlanıb.
