Ukrayna yenidən Qara dənizdə Qazaxıstan neftinin yükləndiyi tankerə hücum edib.

Heftelik.az xəbər verir ki, bu barədə operator şirkət Xəzər Boru Kəməri Konsorsiumu (KTK) məlumat yayıb.

Bildirilib ki, pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum zamanı yükləmə prosesində olan “NELSA” tankerinə zərbə endirilib.

Məlumata görə, zərbə nəticəsində tankerin arxa hissəsində göyərtədə və daxili bölmələrdə yanğın baş verib. Yanğın bir neçə saat ərzində söndürülüb və tanker üzmə qabiliyyətini qoruyub saxlayıb.

Hadisədən sonra neftin yüklənməsi dayandırılıb. Qeyd olunub ki, neft sızmasına yol verilməyib.

Qeyd edək ki, dünən Qazaxıstan Xarici İşlər Nazirliyi iyulun 17 və 19-da Xəzər Boru Kəməri Konsorsiumu vasitəsilə daşınan neftin yükləndiyi tankerlərə Qara dənizdə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumları qətiyyətlə pisləyib. Bəyanatda Qazaxıstanın bu cür hücumların dərhal dayandırılmasını tələb etdiyini bildirilib.

Qeyd olunub ki, bu hücumlar ölkənin iqtisadi maraqlarına yolverilməz qəsd, eyni zamanda qanuni beynəlxalq ticarətin qəsdən sabitsizləşdirilməsinə yönəlmiş addımlar kimi qiymətləndirilir: “Xüsusi narahatlıq doğuran məqam ondan ibarətdir ki, Qara dəniz akvatoriyasına Xəzər Boru Kəməri Konsorsiumunun terminallarına neft yükləmək məqsədilə daxil olan mülki gəmilər barədə məlumat mübadiləsinin bütün maraqlı tərəflər tərəfindən əvvəlcədən razılaşdırılmış mexanizmi qəsdən nəzərə alınmayıb. Bu isə mülki gəmilərin heyətinin həyatını və təhlükəsizliyini risk altına qoyub. Hazırda Qazaxıstan dəymiş zərəri qiymətləndirir. Qiymətləndirmənin nəticələrindən sonra ölkə beynəlxalq hüquqda nəzərdə tutulmuş bütün müdafiə mexanizmlərindən istifadə etmək, o cümlədən vurulmuş zərərin ödənilməsi ilə bağlı tələblər irəli sürmək hüququnu özündə saxlayır”.