“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə səyahət imkanlarının genişləndirilməsi və sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə qatarların tutumunun artırılması istiqamətində işləri davam etdirir.
ADY-dən Heftelik.az-a verilən məlumata görə, görülən işlər nəticəsində qatarların tərkibinə mərhələli şəkildə 2 ədəd komfort və 5 ədəd standart+ sinif vaqon əlavə olunub.
Nəticədə sərnişin vaqonlarının sayı vaqon-restoran nəzərə alınmadan 6-dan 13-ə çatdırılıb, sərnişin tutumu isə 178-dən 386 yerədək artırılıb. Beləliklə, ilkin tutumla müqayisədə sərnişin yerlərinin sayı təqribən 120% artırılıb.
İndiyə qədər bu marşrut üzrə 23 000-ə yaxın sərnişin daşınıb. Qatarların doluluq göstəricisi 100% olub.
Gürcüstandan Azərbaycan istiqamətində tələbatın olduqca yüksək olması səbəbindən satışa çıxarılan biletlər çox qısa müddətdə alınır. Belə tələbat fərqi xüsusilə yay mövsümündə və bayram günləri ərəfəsində daha aydın müşahidə edilir.
Yaxın günlərdə Bakı–Tbilisi–Bakı marşrutu üzrə növbəti əlavə vaqonların istismara verilməsi üçün Gürcüstan tərəf ilə zəruri texniki və əməliyyat işləri aparılır.
