
Rusiyanın Kiyev vilayətindəki təlim poliqonuna hava zərbələri nəticəsində on nəfər həlak olub, təxminən 100 nəfər yaralanıb.
Heftelik.az xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru Ruslan Kravçenko bildirib.
Onun sözlərinə görə, hadisə ilə əlaqədar Ukrayna Cinayət Məcəlləsinin müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan maddəsi ilə cinayət işi açılıb.
Baş prokuror əlavə edib ki, tədbirin təşkili və keçirilməsi zamanı ölümlərə və digər ağır nəticələrə səbəb olan rəsmi vəzifələrin mümkün şəkildə yerinə yetirilməməsi ilə bağlı da Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başladılıb.
“Müharibə insanları idarəetmə qərarlarına görə məsuliyyətdən azad etmir. Əksinə, o, maksimum peşəkarlıq, ehtiyatlı və hər addımın fərqində olmağı tələb edir”, – Kravçenko bildirib.
Kravçenkonun sözlərinə görə, istintaq tədbirin keçirilməsi barədə qərarı kimin verdiyini, yeri, vaxtı və formatı kimin əlaqələndirdiyini, hansı təhlükəsizlik tədbirlərinin görüldüyünü və risklərin hərbi vəziyyət çərçivəsində düzgün qiymətləndirilib- qiymətləndirillmədiyini müəyyən etməlidir.
Qeyd edək ki, Rusiya ordusu bu gün Ukraynada müdafiə təyinatlı məhsulların sərgisinin keçirildiyi poliqona raket zərbələri endirib.
***
saat 15.25
Rusiya ordusunun Ukraynada müdafiə təyinatlı məhsulların sərgiləndiyi poliqona endirdiyi zərbə nəticəsində ölənlər və dağıntılar olduğu bildirilir.
Heftelik.az xəbər verir ki, bu barədə müdafiə təyinatlı məhsullar istehsal edən First Contact şirkətinin təsisçisi və hərbçi Valeri Borovik Apostrof TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, zərbə silah sərgisinin keçirildiyi poliqona endirilib.
“Təəssüf ki, həlak olanlar və dağıntılar var. Bütün bunlar rəsmi açıqlamalarda öz əksini tapacaq”, – Borovik bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyev vilayətinə raket hücumundan sonra xilasetmə əməliyyatlarının davam etdiyini bildirib. Zelenski qeyd edib ki, ilkin məlumata əsasən, hücum nəticəsində onlarla insan yaralanıb, altı nəfər həlak olub: “Hadisənin bütün təfərrüatlarının və zərərçəkənlərin taleyinin dəqiqləşdirilməsi istiqamətində işlər davam edir. Bütün zəruri fövqəladə xidmətlər hadisə yerindədir. Slavyanska idarəolunan aviasiya bombaları ilə endirilən zərbələr nəticəsində isə beş nəfər ölüb, doqquz nəfər yaralanıb. Hücumlar zamanı yaşayış evləri, konsulluq binası və nəqliyyat vasitələri zədələnib”.
Ukrayna Prezidenti bu hücumlara görə Rusiyanın məsuliyyət daşımalı olduğunu vurğulayıb: “Rusiya artıq çoxdan beynəlxalq normalara və insani dəyərlərə hörmətini itirib. Onların yeganə məqsədi qətlləri davam etdirməkdir”.
O, həmçinin beynəlxalq tərəfdaşları Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə çağırıb: “İnsanların həyatının qorunması həm də tərəfdaşlarımızın atacağı addımlardan asılıdır. “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket-tutucuların tədarükü hazırda bir nömrəli prioritetdir”.
