Göygöldə keçirilən Milli Yaylaq Festivalında səhnə uçub.

Heftelik.az APA-ya istinadən xəbər verir ki,  hadisə Milli Yaylaq Festivalının keçirildiyi Xan Yurdu adlanan ərazidə qeydə alınıb. Səhnənin uçması nəticəsində 1998-ci il təvəllüdlü A. Oruci, 1997-ci il təvəllüdlü V. Məmmədov və daha bir neçə nəfər xəsarət alıb.

Əraziyə təcili tibbi yardım avtomobilləri cəlb edilib. Polis əməkdaşları ərazidə xəsarət alanların təxliyə olunması, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətində xidmət aparır.

Qeyd edək ki, Milli Yaylaq Festivalı 2022-ci ildə də qalmaqalla yadda qalmışdı. Mədəniyyət Nazirliyinin bərbad təşkilatçılığının üzərini ört-basdır etmək mümkün olmamışdı. Üstəlik, II Milli Yaylaq Festivalını işıqlandırmaq üçün Göygöl rayonuna səfər edən 40-dan çox jurnalist yağış səbəbindən Hacıkənddə köməksiz vəziyyətdə qalmışdı. Yğış suyu torpaq yolu keçilməz etdiyindən, jurnalistlərin olduğu avtobusla yanaşı, festivaldan çıxan qonaqların əksəriyyəti çətin durumla üzləşmişdi.

Yaranmış vəziyyətdən narazılığını dilə gətirən media mənsubları Mədəniyyət Nazirliyini və Gəncə Şəhər İcra Hakimiyyətini tənqid edərək, təşkilati işlərin bərbad olduğunu bildirmişdilər.