17 yaşadək qadın güləşçilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi Mariya Stadnik Bakıda keçirilən dünya çempionatında qeydə alınan uğursuz nəticələrə görə məsuliyyəti öz üzərinə götürüb.

Heftelik.az xəbər verir ki,  bunu Report-a açıqlamasında 38 yaşlı mütəxəssis bildirib.

Yay Olimpiya Oyunlarının 4 qat mükafatçısı Bakıda təşkil olunan mundialın nəticələrindən razı qalmadığını bildirib:

“Əlbəttə, əldə olunan nəticə bizi qane etmir. Daha yüksək nəticələr gözləyirdik və böyük məşqçi kimi məsuliyyəti tam şəkildə öz üzərimə götürürəm. Bununla yanaşı, vəziyyəti yalnız bir yarışın nəticələrinə əsasən qiymətləndirməyi və ya 9 idmançının sadəcə öz potensialını göstərə bilmədiyini söyləməyi doğru hesab etmirəm. Dünya çempionatına hazırlıq mürəkkəb və çoxşaxəli bir prosesdir. Nəticəyə texniki və taktiki hazırlıq, yarış təcrübəsi, fiziki və psixoloji durum, məşq prosesinin keyfiyyəti, eləcə də hər bir idmançı ilə aparılan fərdi iş kimi bir çox amillər təsir göstərir.”

Stadnik hazırlıq prosesində çatışmazlıqların olduğunu etiraf edib:

“Bir neçə təlim-məşq toplanışı keçirdik. Lakin artıq aydındır ki, qadın güləşində bu gün mövcud olan yüksək rəqabət səviyyəsi üçün bu hazırlıq kifayət etməyib. Komandaya daha çox beynəlxalq turnirlərdə iştirak imkanı, daha keyfiyyətli fərdi, texniki hazırlıq və idmançıların ilboyu sistemli şəkildə hazırlanması lazımdır. Hazırlıq yalnız əsas yarış ərəfəsində deyil, il ərzində davam etməlidir”.

Onun sözlərinə görə, idmançılar məğlubiyyətlərdən nəticə çıxarmalıdır:

“Məğlubiyyətlərə bəraət qazandırmaq istəmirəm. Əksinə, bu dünya çempionatı bizim üçün ciddi təhlil aparmaq və buraxdığımız səhvləri aradan qaldırmağa başlamaq üçün mühüm bir mərhələdir. Artıq hansı istiqamətlərdə işləməli olduğumuzu dəqiq görürük”.

Stadnik növbəti yarışlarda komandanın daha güclü çıxış edəcəyinə inandığını söyləyib:

“Bəli, buna inanıram. Amma hesab edirəm ki, medalları sözlə vəd etmək düzgün deyil. Hər bir nəticə yalnız gündəlik, məqsədyönlü və sistemli zəhmətin bəhrəsi ola bilər.”

O, komandanın potensialına inandığını da diqqətə çatdırıb:

“Komandada istedadlı idmançılar və böyük potensial var. İndi əsas vəzifəmiz onların hazırlığını düzgün təşkil etmək, komanda daxilində rəqabəti artırmaq, idmançılara daha çox beynəlxalq təcrübə qazandırmaq və texniki hazırlıq səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltməkdir.”

Sonda böyük məşqçi dünya çempionatını komanda üçün vacib dərs adlandırıb:

“Mən bu dünya çempionatını son nəticə kimi deyil, bizim üçün çox ciddi dərs kimi qiymətləndirirəm. Əminəm ki, düzgün nəticələr çıxarıb sistemli şəkildə çalışsaq, növbəti yarışlarda tamaşaçılar tamamilə fərqli, daha güclü bir komanda görəcəklər”.

Qeyd edək ki, Azərbaycanın qadınlardan ibarət U-17 yığması dünya çempionatına 9 idmançı ilə qatılıb. Komanda Milli Gimnastika Arenasında təşkil olunan turniri mükafatsız başa vurub.