
Fransada müşahidə olunan həddindən artıq isti hava və quraqlıq səbəbindən ətraf mühitlə bağlı su tənzimləmələri çərçivəsində 3 nüvə reaktorunun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Yerli KİV-in Fransanın “Électricité de France” (EDF) şirkətinə istinadən yaydığı məlumata görə, isti hava və quraqlıq nəticəsində Meuz və Mozel çaylarında suyun səviyyəsi və axını kəskin şəkildə azalıb.
Çaylardakı su səviyyəsinin aşağı düşməsi ilə əlaqədar nüvə elektrik stansiyalarının soyutma prosesinə dair əlavə tədbirlər görülüb.
Nüvə stansiyalarında reaktorlar dayandırılıb
EDF bildirib ki, görülən tədbirlər çərçivəsində Şoo (Chooz) Atom Elektrik Stansiyasındakı iki reaktorun və Arden Atom Elektrik Stansiyasındakı bir reaktorun fəaliyyəti müvəqqəti dayandırılıb.
Ölkədə davam edən isti hava dalğası səbəbindən bundan əvvəl də Buje 3 (Bugey 3), Trikasten 4 (Tricastin 4) və Sen-Alban (Saint-Alban) reaktorlarında elektrik istehsalı gücü azaldılmışdı.
Fransanın elektrik enerjisinə olan tələbatının təxminən 70 faizi ölkədə fəaliyyət göstərən 57 nüvə reaktoru hesabına ödənilir. Həmin reaktorların soyutma sistemləri isə əsasən yaxınlıqdakı çaylardan və ya dənizlərdən götürülən sudan asılıdır.
Fransada istilər və quraqlıq rekord həddə çatıb
May ayından etibarən ardıcıl isti hava dalğalarının təsiri altında olan Fransada iyun ayında orta temperatur göstəriciləri rekord səviyyəyə yüksəlib.
İyul ayında qeydə alınan isti hava dalğası isə ölkə tarixində müşahidə olunan ən uzun üçüncü isti hava dalğası kimi qeydə alınıb.
Fransa materikinin üçdə birindən çox hissəsində quraqlıq kritik həddə çatıb. Avropa Quraqlıq Rəsədxanasının məlumatına əsasən, iyul ayının ikinci və üçüncü həftələrində ölkə ərazisinin 96,5 faizi quraqlıqdan zərər çəkib.
Hazırda üç departament istisna olmaqla, Fransanın bütün bölgələrində müxtəlif səviyyələrdə sudan istifadə ilə bağlı məhdudiyyətlər tətbiq edilir.
