Qvatemalada yerləşən Fueqo vulkanının güclü püskürməsi bölgədə həyəcan yaradıb. Artan vulkanik aktivlik səbəbindən yüzlərlə sakin təhlükəli ərazilərdən təxliyə olunub.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Mərkəzi Amerikanın ən aktiv vulkanlarından biri hesab edilən Fueqo dağında kül və lava püskürmələrinin güclənməsindən sonra ölkədə yüksək təhlükə səviyyəsi elan edilib.

Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyi (CONRED) vulkanla bağlı narıncı həyəcan siqnalı verib.

Məlumata görə, vulkandan yüksələn kül buludları dəniz səviyyəsindən təxminən 6000 metr yüksəkliyə çatıb. Püskürmə zamanı qaz, kül və qaya parçalarından ibarət təhlükəli piroklastik axınların vulkanın yamaclarından aşağı hərəkət etdiyi bildirilib.

Təhlükə səbəbindən El Porvenir və Las Lajitas kəndlərindən təxminən 250 nəfər sakin təhlükəsiz ərazilərə köçürülüb. Daha əvvəl isə vulkanın fəaliyyəti ilə əlaqədar digər yaşayış məntəqələrindən də yüzlərlə insanın təxliyə edildiyi açıqlanmışdı.

Təhlükəsizlik tədbirləri çərçivəsində vulkan yaxınlığından keçən 14 nömrəli Milli Magistral yol bağlanıb, ətraf ərazilərdə məktəblərdə tədris dayandırılıb. Səlahiyyətlilər sakinlərə pəncərələri bağlı saxlamaq, riskli bölgələrdən uzaq durmaq və fövqəladə hallar üçün hazırlıqlı olmaq barədə xəbərdarlıq edib.

Qeyd edək ki, hündürlüyü 3763 metr olan Fueqo vulkanı Qvatemala şəhərindən təxminən 35 kilometr məsafədə yerləşir. Vulkan 2018-ci ildə baş verən güclü püskürmə zamanı böyük faciəyə səbəb olmuş, həmin hadisədə 200-dən çox insan həyatını itirmişdi.

Qvatemala Sakit okeanın “Atəş halqası” adlanan aktiv seysmik və vulkanik zonasında yerləşdiyi üçün tez-tez zəlzələ və vulkan fəaliyyətləri ilə üzləşir.