“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçuları Şahruddin Məhəmmədəliyev və Mateuş Koxalskidən danışıb.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məşqçi UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev, Ukrayna) ilə qarşılaşmadan əvvəl mətbuat konfransında Koxalskinin tənqid edilməsinin normal olduğunu bildirib.

“Mateuş Koxalskinin son matçda tənqid edilməsi normaldır, hər şey qaydasındadır. Biz bunu qəbul etməliyik, bu barədə daim düşünürük. Uduzanda belə bizi alqışlayıblar, bizdən razı qalıblar. Sadəcə bəzi kütlə narazı qalır, bu da normal haldır. Koxalskidə tənqid olunası ciddi bir şey var? Sadəcə penaltilər idi, kömək edə bilmədi. Rəqibin də ustalığını nəzərə almaq lazımır. Məğlub oluruqsa, tənqid də olunmalıyıq. Yaxşı mübarizəyə diqqət ayırmırlar, sırf nəticə… Elə bilirlər ki, uduzmuşuqsa, hər şey pisdir. Koxalski komandaya tam uyğunlaşır, təcrübəsi artır. Böyümək üçün mütləq tənqidləri qəbul etməyi bacarmalıyıq. Bəzən xətdən kənara çıxırlar, o da hər yerdə var”, – məşqçi qeyd edib.

Q.Qurbanov həmçinin Şahruddin Məhəmmədəliyevin “Zirə”yə keçməsi ilə bağlı sualı da cavablandırıb: “Şahruddinlə bağlı məndə məlumat yoxdur, bilmirəm. İnanmıram ki, belə danışıqlar olub”.