FİFA dünya çempionatının bəzi hüquqlarının satılması ilə bağlı plandan imtinaya dair rəsmi açıqlama yayıb.

Heftelik.az xəbər verir ki, ali futbol qurumu layihənin dayandırıldığını və yaranmış vəziyyətə görə üzr istədiyini bildirib.

FİFA-nın prezidenti Canni İnfantino və baş katib Mattias Qrafström tərəfindən təşkilatın Şurasının üzvlərinə göndərilən məktubda qeyd olunub ki, federasiya gələcəkdə bu cür məsələlərdə prosesləri təkmilləşdirəcək: “Artıq məlumdur ki, FİFA üzvləri və Şura tərəfindən təsdiqlənməli olan təklif hazırda nəzərdən keçirilmir. Layihənin bağlanması ilə əlaqədar FİFA öz dürüstlüyünə, düzgün idarəetmə prinsiplərinə və müəyyən edilmiş prosedurlara əməl etməsinə qarşı hər hansı hücumları qəbul etməyəcək.

Səhvlərə yol verilsə də, görülən bütün işlər FİFA-nın normativ-hüquqi bazasına tam uyğun həyata keçirilib. Bu təcrübədən nəticə çıxararaq proseslərimizi təkmilləşdirməyə davam edəcəyik”.

Qurum, həmçinin, “FIFA Forward” proqramı çərçivəsində futbolun inkişafını dəstəkləmək imkanlarını araşdıracağını açıqlayıb.

Qeyd edək ki, FİFA-nın dünya çempionatının yayım hüquqlarının satışı üçün yeni kommersiya strukturu – “FIFA Forward Enterprise” (FFE) yaratmaq planı ortaya çıxmışdı. Lakin UEFA-ya üzv ölkələrin mümkün boykotu və konfederasiyaların sərt tənqidindən sonra Canni İnfantino bu ideyadan geri çəkilmişdi.

Bundan əlavə, FİFA prezidenti yaranmış vəziyyətlə bağlı Şura üzvlərindən yazılı şəkildə üzr istəyib.

***

saat 11.24

FIFA prezidenti Canni İnfantino dünya çempionatı da daxil olmaqla, qurumun turnirlərinin kommersiya hüquqlarının özəl investorlara açılması ilə bağlı planın hazırlanması zamanı yol verilən səhvlərə görə üzr istəyib.

Heftelik.az BBC-yə istinadən xəbər verir ki, İnfantinonun FIFA-nın 211 üzv assosiasiyasına göndərdiyi məktubda təklifin idarə olunması prosesində nöqsanlara yol verildiyi etiraf olunub.

O, “səmimi qəlbdən üzr istəyirəm” ifadəsini işlədərək, oxşar səhvlərin bir daha təkrarlanmayacağını bildirib.

Qalmaqallı təkliflə bağlı böhran iclası Mərakeşin paytaxtı Rabatda keçirilib. Görüşdən sonra FIFA İcraiyyə Komitəsi İnfantinoya dəstəyini bir daha ifadə edib.

Qurumun açıqlamasında qeyd olunub ki, gələcəkdə FIFA-nın idarəetmə prinsiplərinə və nüfuzuna qarşı hücumlara dözümlü yanaşılmayacaq və təşkilatın etibarını qorumaq üçün bütün zəruri addımlar atılacaq.

Qeyd edək ki, qalmaqala səbəb olan təklif FIFA turnirlərinin, o cümlədən, DÇ-nin kommersiya hüquqlarının idarə olunması üçün yaradılması planlaşdırılan yeni qurumun bir hissəsinin özəl investorlara satılmasını nəzərdə tuturdu.

Bu plan Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) və bir sıra milli federasiyaların sərt tənqidinə səbəb olmuşdu. UEFA hətta layihənin təsdiqlənəcəyi təqdirdə DÇ-ni boykot edə biləcəyini açıqlamışdı.

FIFA həmçinin Britaniyanın “The Times” qəzetində yer alan, İnfantinonun dəstək müqabilində Mərakeşə 2030-cu il DÇ-nin finalını vəd etdiyi barədə iddiaları da rədd edib.

Qurum bu məlumatı “əsassız və yanlış” adlandıraraq bildirib ki, İspaniya, Portuqaliya və Mərakeşin birgə ev sahibliyi edəcəyi 2030-cu il dünya çempionatının final matçının harada keçiriləcəyi ilə bağlı qərar vaxtı çatanda veriləcək.

Xatırladaq ki, 2016-cı ildən FIFA-ya rəhbərlik edən Canni İnfantino 2019 və 2023-cü illərdə rəqibsiz yenidən prezident seçilib.

Növbəti FIFA prezident seçkisinin 2027-ci ilin martında Rabatda keçirilməsi planlaşdırılır. Hazırda İnfantino bu vəzifəyə namizədliyini rəsmi şəkildə irəli sürən yeganə şəxsdir. Mümkün namizədlər arasında “Paris Sen-Jermen” klubunun prezidenti Nasser Əl-Xələfi, Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim Əl-Xəlifə və KONKAKAF prezidenti Viktor Montalyani də göstərilir.