Azərbaycan musiqisində elə əsərlər var ki, illər keçsə də, dəyərini itirmir. Onlar nəinki bir dövrün simvoluna çevrilir, hətta nəsildən-nəslə ötürülərək xalqın yaddaşında yaşayır.
Heftelik.az xəbər verir ki, Lent.az-ın “Mahnıların tarixçəsi” rubrikasında bu dəfə haqqında bəhs edəcəyi “Dağlar qızı Reyhan” da məhz belə mahnılardandır.
Tələt Eyyubovun şeiri, Fikrət Əmirovun bəstəsi
Şeirin yazılmasından çox keçmir ki, o, görkəmli bəstəkar Fikrət Əmirovun diqqətini çəkir. O, 1959-cu ildə şeirə musiqi bəstələyir. Həmin dövrdə Azərbaycan musiqisində milli ruhu müasir üslubla birləşdirən əsərlər az idi və “Dağlar qızı Reyhan” qısa zamanda bu boşluğu dolduran mahnılardan birinə çevrilir.
Ancaq maraqlıdır ki, Fikrət Əmirovun əsərləri ilə bağlı bəzi kataloqlarda və sonrakı araşdırmalarda söz müəllifi “bir versiyaya görə Tələt Eyyubov” kimi qeyd olunur. Yəni musiqinin müəllifi barədə heç bir mübahisə olmasa da, sözlərin müəllifliyi ilə bağlı illərdir müxtəlif fikirlər mövcuddur.
Rəşid Behbudovla başlayan tarixçə
Mahnını 1960-cı ildə ilk dəfə böyük səhnədə Rəşid Behbudov ifa edir. Onun gur və özünəməxsus səsi mahnıya xüsusi rəng qatır. Radio dalğalarında tez-tez səslənən nəğmə qısa müddətdə dinləyicilərin sevimlisinə çevrilir və Azərbaycanın hüdudlarını aşaraq keçmiş Sovet İttifaqının müxtəlif respublikalarında da tanınmağa başlayır.
Bir neçə il sonra Flora Kərimova bu əsəri repertuarına daxil edən ilk qadın ifaçı olur. Ardınca Zeynəb Xanlarova mahnını özünəməxsus üslubda təqdim edir və bu ifa illər keçsə də, ən çox dinlənilən versiyalardan biri kimi yadda qalır. Sonralar onlarca müğənni bu mahnını oxusa da, dinləyicilər üçün ən yaddaqalan ifalar məhz bu sənətçilərə məxsus olur.
Toyu yasa çevirilən Reyhan
Mahnının yaranması ilə bağlı ən məşhur rəvayət bizi 1918-ci ilin qanlı hadisələrinə aparır. Deyilənə görə, Quba bölgəsində keçirilən toy məclislərindən birinə silahlı daşnak dəstələri hücum edir. Hücum zamanı bəy öldürülür, gəlin Reyhan isə dağlara qaçaraq canını qurtara bilir. Lakin o, bununla kifayətlənmir.
Rəvayətə görə, Reyhan ətrafına silahlı insanlar toplayır, öz dəstəsini yaradır və bölgədə daşnaklara qarşı mübarizə aparmağa başlayır. Onun cəsarəti haqqında söz-söhbətlər qısa müddətdə bütün ətrafa yayılır. Lakin Reyhan sonradan sovet hakimiyyəti tərəfindən həbs olunur. Hətta güllələnməli olduğu deyilsə də, son anda xilas edilir və başqa ad altında ömrünün sonunadək gizli yaşayır.
Dağlar qızı Reyhandan Ronald Reyqana
1989-cu ildə Zeynəb Xanlarova ABŞ-da konsert proqramı ilə çıxış edərkən “Dağlar qızı Reyhan”ı da ifa edib. Maraqlısı odur ki, tamaşaçıların bir hissəsi mahnıda təkrarlanan “Reyhan” sözünü o dövrün ABŞ prezidenti Ronald Reyqanın soyadı – “Reagan” kimi eşidib. Hətta mahnının ona həsr olunduğunu düşünənlər də olub. Sonradan əsərin Azərbaycan mahnısı olduğu izah edilib.
Rəvayətdən filmə
Mahnının populyarlığı təkcə Azərbaycanla məhdudlaşmayıb. 1960-cı illərin sonlarında Türkiyədə “Reyhan – Dağlar Kızı” adlı film çəkilib və mahnı filmdə də səsləndirilib. Bu ekran işi sayəsində mahnı Türkiyədə də tanınıb. Mənbələrdə filmin çəkildiyi il kimi həm 1968, həm də 1969 göstərilir.
Mahnı ilə başlayan ömürlər
“Dağlar qızı Reyhan” haqqında danışılan maraqlı məqamlardan biri də bu əsərin bir insanın taleyinə təsir göstərməsi ilə bağlıdır. Geoloq Reyhan Reynaldi öz xatirələrində maraqlı bir faktı bölüşür. Onun sözlərinə görə, ailəsi əvvəlcə ona başqa ad verməyi planlaşdırsa da, atası Tələt Eyyubovun “Dağlar qızı Reyhan” şeirini çox sevdiyi üçün fikrini dəyişir və qızına Reyhan adını qoyur. Beləliklə, o, adını məşhur şeirdən alan uşaqlardan birinə çevrilir.
Reyhan Reynaldi yazır ki, böyüdükcə adı ilə mahnı arasında əlaqə daha da güclənib. Harada özünü təqdim edirdisə, insanlar ilk olaraq “Dağlar qızı Reyhan” mahnısını xatırlayırdılar. Onun sözlərinə görə, bu əsər uşaqlıqdan həyatının ayrılmaz hissəsinə çevrilmişdi. Hətta o dönəmlərdə çoxu övladına məhz Reyna adı verirmiş.
Mahnı bu gün də sevilərək dinlənilir və bir çox müğənni oxuyur.
