Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Prezident Volodimir Zelenski tərəfindən qəbul olunmaqdan məmnunluğunu ifadə edib.

Heftelik.az  xəbər verir ki, C. Bayramov bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Nazir bildirib ki, görüş zamanı Azərbaycan–Ukrayna strateji tərəfdaşlığının mövcud vəziyyəti və gələcək perspektivləri ilə bağlı hərtərəfli müzakirələr aparılıb. Müzakirələrin əsas mövzularını siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər təşkil edib.

C. Bayramov V. Zelenskiyə Cənubi Qafqazda münaqişədən sonrakı reallıqlar, sülh gündəliyinin irəlilədirilməsi istiqamətində göstərilən səylər, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verdiyini qeyd edib.

Nazir həmçinin Zelenskinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımla bağlı xoş sözlərini və davamlı dəstəyə görə Prezident İlham Əliyevə ünvanladığı təşəkkürü yüksək qiymətləndirdiyini bildirib.

***

saat 20.43

“Mən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Bu, nazirin Rusiyanın genişmiqyaslı işğalının başlanmasından bəri Ukraynaya ilk səfəridir”.

Heftelik.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski öz “X” hesabında yazıb.

Zelenski bildirib ki, Ceyhun Bayramov səfərinə İrpin şəhərindən başlayıb və Azərbaycanın dəstəyi ilə fəaliyyət göstərən məktəbə, xəstəxanaya və reabilitasiya mərkəzinə baş çəkib.

“Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə Ukraynaya gələrək bizə dəstək göstərmək imkanı tapdığınıza görə sizə dərin təşəkkürümü bildirirəm. Xalqımızla həmrəy olduğunuza görə təşəkkür edirəm”, – Zelenski əlavə edib.

Zelenski Azərbaycan XİN rəhbərinə Rusiyanın Ukraynaya qarşı davam edən hücumları, Qara dənizdəki vəziyyət və Rusiyanın taxıl dəhlizlərini blokadaya alması barədə məlumat verdiyini, yüksək səviyyəli diplomatik təmasları, müdafiə sahəsində tərəfdaşlığı, eləcə də energetika, neft-qaz sənayesi və kənd təsərrüfatı sahələrində iqtisadi əməkdaşlığı müzakirə etdiklərini bildirib.

Zelenski sonda Ukraynaya verdiyi dəstəyə, enerji və humanitar yardımlarına, eləcə də iki ölkə arasında aparılan konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib.