Samuxda 17 yaşlı qızın suda boğulmasının bəzi təfərrüatları məlum olub.

Heftelik.az APA-ya istinadən xəbər verir ki,  suda batan 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova Kür çayına ailəsi ilə birlikdə istirahətə gedibmiş.

Qızın nənəsi Gülnaz Məmmədova bildirib ki, hadisə nəvələri suda çiməndə baş verib: “Gözümüz baxa-baxa nəvəm suda birdən yoxa çıxdı. Oğlum, digər nəvəm dalınca getdi, tapa bilmədi. Keçən dəfə də gəlmişdik. Həmişə üzürdü. Gülnaz elə bilib ki, qardaşı boğulur, onun dalınca suya girdi”.

Nənəsi onu da bildirib ki, nəvəsi idmançıdır, bir neçə yarışın qalibi olub.

O, Gülnazın bu il 11 ci sinfi bitirdiyini də deyib.

Qeyd edək ki, Samux təmsilçisi Gülnaz Məmmədova kikboksinq idman növü ilə məşğul olub.

Sonuncu dəfə Gəncədə keçirilən Kikboksinq üzrə XXX Azərbaycan birinciliyində qızıl medal qazanıb.

***

9 avqust, saat 21.10

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Samux rayonu, Yenikənd kəndində kanalda 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Heftelik.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş – 2009-cu il təvəllüdlü Məmmədova Gülnaz Elçin qızının batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.